Xəbərlər

Prezident Kitabxanasında Laçın rayonunun işğaldan azad olunmasına həsr olunmuş kitab sərgisi təşkil edilib

Prezident Kitabxanasında Laçın rayonunun işğaldan azad olunmasına həsr olunmuş kitab sərgisi təşkil edilib

Prezident Kitabxanasında Laçın rayonunun işğaldan azad olunmasına həsr olunmuş kitab sərgisi təşkil edilib

Prezident Kitabxanasında Laçın rayonunun işğaldan azad edilməsinə, tarixinə və zəngin mədəni irsinə həsr olunmuş kitab sərgisi təşkil olunub. Sərgidə Laçın rayonunun tarixi, mədəniyyəti, işğal dövrü və azadlıqdan sonrakı bərpa-quruculuq proseslərinə dair müxtəlif nəşrlər nümayiş olunur. Ekspozisiyada Vətən Müharibəsində əldə olunmuş Qələbəni, Laçın rayonunun azad edilməsini və sosial-iqtisadi dirçəlişini əks etdirən kitablar, elmi-publisistik nəşrlər və məqalə topluları yer alır.

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində oktyabr ayında Qubadlı istiqamətində irəliləyərək Laçın dəhlizi üzərində strateji üstünlük əldə etmiş, 9 noyabr 2020-ci ildə Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri işğaldan azad edilmişdir. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən, 1 dekabr 2020-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndləri istisna olmaqla, rayonun qalan ərazisi Azərbaycana qaytarılmışdır. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri də Azərbaycana təhvil verilmiş və rayon üzrə dövlət suverenliyi tam bərpa edilmişdir.

Hazırda Laçın rayonunda genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir, yol-nəqliyyat infrastrukturu yenilənir, yeni yaşayış məntəqələri və sosial obyektlər inşa olunur. 2025-ci il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanı açılmışdır. Hava limanının istifadəyə verilməsi bölgənin sosial-iqtisadi inkişafına və turizm potensialının artmasına şərait yaradır.

Sərgidə nümayiş olunan kitablar həm Laçın rayonunun tarixi və mədəni irsinin bərpasını, həm şəhərin əvvəlki simasının yenidən formalaşdırılmasını, həm də bölgədə gündəlik həyatın bərpası istiqamətində görülən işləri dolğun şəkildə əks etdirir. Ziyarətçilər sərgidə həm işğaldan azad olunma prosesini, həm də rayonun müasir inkişaf mərhələsini öyrənmək imkanı əldə edirlər.