Xəbərlər

Xalq şairi Sabir Rüstəmxanlıdan Prezident Kitabxanasına dəyərli kitab hədiyyəsi

Xalq şairi Sabir Rüstəmxanlıdan Prezident Kitabxanasına dəyərli kitab hədiyyəsi

Xalq şairi Sabir Rüstəmxanlıdan Prezident Kitabxanasına dəyərli kitab hədiyyəsi

Xalq şairi və tanınmış ictimai xadim Sabir Rüstəmxanlı Prezident Kitabxanasına öz ədəbi irsini əhatə edən dəyərli kitablar hədiyyə edib. Hədiyyə çərçivəsində müəllifin müxtəlif illərdə qələmə aldığı əsərlərdən ibarət 19 adda 20 nüsxə nəşr Prezident Kitabxanasının fondunu zənginləşdirib.

Prezident Kitabxanasına təqdim olunan nəşrlər Sabir Rüstəmxanlının bədii, publisistik və tarixi-fəlsəfi yaradıcılığının əsas istiqamətlərini əhatə edir. Bu əsərlərdə Azərbaycan xalqının tarixi yaddaşı, milli kimlik və dövlətçilik ideyaları, türk dünyasının mənəvi-mədəni irsi, azadlıq və istiqlal mövzuları işıqlandırılır.

Hədiyyə olunan çoxcildlik nəşrlər müəllifin zəngin yaradıcılıq yolunun mərhələli şəkildə öyrənilməsi üçün mühüm istinaddır. Eyni zamanda, Sabir Rüstəmxanlının həyat və yaradıcılığına həsr olunmuş biblioqrafik nəşr onun elmi və ədəbi irsi üzrə aparılan tədqiqatlar üçün etibarlı mənbə rolunu oynayır.

Bu kitab hədiyyəsi Prezident Kitabxanasının fondlarını zənginləşdirir və tədqiqatçıların, ədəbiyyatşünasların, eləcə də geniş oxucu auditoriyasının Sabir Rüstəmxanlının yaradıcılığına daha dolğun şəkildə müraciət etməsinə imkan yaradır.

Prezident Kitabxanası milli ədəbiyyatımızın və mədəni irsimizin təbliğinə verdiyi belə bir dəyərli töhfəyə görə Xalq şairi Sabir Rüstəmxanlıya səmimi minnətdarlığını bildirir.