Prezident Kitabxanasında 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramına həsr olunmuş virtual sərgi hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Virtual sərgidə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün həyatı və fəaliyyəti, Türkiyənin milli istiqlal mübarizəsinin tarixi, həmçinin gənclik və idmanın cəmiyyət həyatındakı yeri ilə bağlı materiallar təqdim olunur.
1919-cu il mayın 19-u Türkiyənin milli mübarizə tarixində mühüm dönüş nöqtəsi hesab edilir. Həmin gün Mustafa Kamal Atatürkün Samsuna gəlişi ölkənin istiqlal və qurtuluş hərəkatının başlanğıcı kimi qəbul olunur. Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətinin parçalanması və Anadolu torpaqlarının işğalı şəraitində başlayan milli mücadilə qısa müddətdə geniş coğrafiyanı əhatə etmiş, nəticədə Türkiyə Cümhuriyyətinin formalaşmasına aparan tarixi-siyasi prosesin əsasını təşkil etmişdir.
Mustafa Kamal Atatürk tərəfindən gənclərə ithaf olunan 19 May bayramı Türkiyədə milli birlik, vətənə bağlılıq və gələcək nəslə etimadın ifadəsi kimi qeyd edilir. Atatürk ölkənin gələcəyində gənclərin rolunu xüsusi önəmli hesab etmiş, onların milli dəyərlərə bağlı və vətənpərvər ruhda yetişməsini dövlətin davamlı inkişafının əsas şərtlərindən biri kimi dəyərləndirmişdir.
Virtual sərgidə Mustafa Kamal Atatürkün tarixi çıxışları, gənclərə ünvanladığı fikirlər, dövrü əks etdirən fotoşəkillər, arxiv sənədləri, kitablar və digər informasiya materialları yer alır. Bununla yanaşı, Türkiyədə və türk dünyasında 19 May bayramının qeyd olunma ənənələri, gənclərin və idmançıların müxtəlif sahələrdə əldə etdikləri nailiyyətlər barədə məlumatlar da təqdim edilir.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan virtual sərgi istifadəçilərə Türkiyənin milli istiqlal mübarizəsinin tarixi, Mustafa Kamal Atatürkün dövlətçilik irsi, eləcə də gənclik və idmanın ictimai həyatda əhəmiyyəti barədə sistemli məlumat əldə etmək imkanı yaradır. Sərgi, eyni zamanda, Azərbaycan və Türkiyə arasında ortaq tarixi yaddaşın, mədəni yaxınlığın və qardaşlıq münasibətlərinin daha yaxından öyrənilməsi baxımından da əhəmiyyət kəsb edir.
19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı türk xalqının milli mübarizə tarixində dönüş nöqtəsi hesab olunan əlamətdar günlərdən biridir. 1919-cu il mayın 19-da Mustafa Kemal Atatürk Samsuna gələrək…