Xəbərlər

Prezident Kitabxanasında “Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası” üçcildliyinin təqdimatı keçirilib

Prezident Kitabxanasında “Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası” üçcildliyinin təqdimatı keçirilib

Prezident Kitabxanasında “Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası” üçcildliyinin təqdimatı keçirilib

2026-cı il fevralın 11-də Prezident Kitabxanasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, texnika elmləri üzrə fəlsəfə doktoru Sadiq Qurbanovun “Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası” adlı üçcildliyinin təqdimat mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova bildirib ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın inkişaf strategiyasında yeni mərhələnin əsasını qoyaraq ölkənin iqtisadi, siyasi və mədəni həyatında fundamental dönüş yaratdı. Bu strateji kursun nəticələri bütün sahələrdə olduğu kimi, mədəniyyət və kitabxana işində də özünü aydın şəkildə göstərdi.

Afət xanım Abbasova qeyd edib ki, müasir Azərbaycanın iqtisadiyyatının bünövrəsini təşkil edən neft sənayesinin tarixi inkişaf mərhələlərinə həsr olunmuş “Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası” üçcildliyinin məhz Prezident Kitabxanasında təqdim olunması təsadüfi deyil. Dövlətçilik tarixinin, siyasi və iqtisadi strategiyaların sistemli şəkildə toplanıb elmi ictimaiyyətə təqdim edildiyi bu elm və informasiya məkanı ölkənin enerji siyasətinə dair fundamental tədqiqat haqqında fikir mübadiləsi üçün ən uyğun platformadır.

Ulu öndərin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir” fikrini xatırladan professor bildirib ki, Azərbaycanın enerji strategiyasına həsr olunmuş belə sanballı nəşrin təqdimatının bu məkanda keçirilməsi həm rəmzi, həm də məzmun baxımından xüsusi məna daşıyır.

Tədbir çərçivəsində kitabın ümumi məzmununu və hər üç cild üzrə əsas mövzuları əks etdirən videoçarx nümayiş olunub.

Tədbir Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, hüquq elmləri doktoru Əli Hüseynlinin moderatorluğu ilə davam edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Energetika nazirinin müavini Orxan Zeynalov, biologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, akademiklər Vaqif Abbasov, Arif Həşimov, Əli Abbasov, tarix üzrə fəlsəfə doktoru, AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhramov, Milli Məclisin deputatları Günay Əfəndiyeva, Pərvin Kərimzadə, Sahib Alıyev, Zaur Şükürov, gömrük xidməti general-mayoru, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru Zahid Məmmədov, professor, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, texnika elmləri üzrə fəlsəfə doktoru, Əməkdar mühəndis İltizam Yusifov, professor, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Milli Observatoriyanın İdarə Heyəti sədrinin müşaviri Azad Tağızadə, professor, AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy kitabın elmi aktuallığını yüksək qiymətləndiriblər. Çıxışlarda vurğulanıb ki, Sadiq Qurbanovun bu tədqiqat işi Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”ndən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir enerji strategiyasının, eləcə də “yaşıl enerji” və ekoloji təhlükəsizlik məsələlərinin dərindən öyrənilməsinə xidmət edir. Qeyd olunub ki, üçcildlik nəşr təkcə mütəxəssislər üçün deyil, həm də geniş oxucu kütləsi və tələbələr üçün dəyərli mənbədir.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, kitabın müəllifi Sadiq Qurbanov çıxışında qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətinin əsas strateji hədəfləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, eləcə də əhalinin sosial rifahının yüksəldilməsidir. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirildiyini bildirən müəllif enerji amilinin ölkənin davamlı inkişafındakı rolunu xüsusi vurğulayıb və tədbirin təşkilinə görə Prezident Kitabxanasının rəhbərliyinə, kitab haqqında səsləndirilən dəyərli fikirlərə görə isə iştirakçılara minnətdarlığını bildirib.

Tədbir Prezident Kitabxanasının direktoru, professor Afət Abbasovanın yekun nitqi ilə başa çatıb. Çıxışında o, nəşrin elmi və tədris baxımından əhəmiyyətini bir daha vurğulayıb və bildirib ki, “Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası” üçcildliyi elektron formata keçirilərək Prezident Kitabxanasının “E-kitablar” bölməsində oxucuların istifadəsinə təqdim olunub.

Kitab haqqında
Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası

Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası

Qurbanov, Sadiq Haqverdi oğlu. Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası: 3 cilddə / S. H. Qurbanov; red.: Z. İsmayılov, S. Vəkilov.
I cild: Heydər Əliyev Azərbaycanın neft strategiyasının banisidir: "Əsrin müqaviləsi" kontekstində.- Bakı: İzə, 2025.- 816 s.