Azərbaycan Milli Kitabxanası tərəfindən Prezident Kitabxanasına 17 adda 34 nüsxə kitab hədiyyə edilib.
Nəşrlərin mövzu dairəsi Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığından milli musiqi və mədəniyyətə, türkoloji irsdən kitabxana işinə, hüquq və dövlətçilik məsələlərinə qədər geniş sahəni əhatə edir. Kitablar arasında Bəxtiyar Vahabzadə, Fikrət Qoca və Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı, Əcəmi Naxçıvaninin memarlıq irsi, Bəhram Mansurovun Azərbaycan musiqi mədəniyyətindəki fəaliyyəti haqqında nəşrlər, həmçinin Birinci Türkoloji Qurultayın tarixi və elmi irsini araşdıran əsərlər diqqəti çəkir.
Kitabxana işi və biblioqrafiya istiqamətindəki nəşrlər rəsmi sənədlər, kitabxana fondlarının uçotu və mühafizəsi, məzmunca köhnəlmiş ədəbiyyatın fondlardan çıxarılması kimi məsələlərə həsr olunub. Konstitusiya və suverenlik, eləcə də ayrı-ayrı tarixi, ədəbi və mədəni mövzulara dair kitablarla yanaşı, “Yeni kitablar” annotasiyalı biblioqrafik göstəricisinin dörd buraxılışı da hədiyyə edilən nəşrlər sırasındadır. Bu göstəricilər yeni nəşrlər haqqında biblioqrafik məlumatların sistemli şəkildə izlənilməsinə, digər kitablar isə müxtəlif sahələr üzrə biliklərin genişləndirilməsinə və müvafiq ədəbiyyatın əldə edilməsinə imkan verir.
Məzmun və mövzu baxımından rəngarəngliyi ilə seçilən bu nəşrlər geniş oxucu auditoriyasının ədəbiyyat, mədəniyyət, türkoloji irs, kitabxana işi və dövlətçilik sahələrində biliklərinin genişləndirilməsinə, yeni ədəbiyyatla tanışlığına, eləcə də tədqiqat və yaradıcılıq işləri üçün zəruri məlumatlarla təmin olunmasına xidmət edir.
Prezident Kitabxanası yeni nəşrlərin hədiyyə edilməsinə görə Azərbaycan Milli Kitabxanasına təşəkkürünü bildirir.