Xəbərlər

Prezident Kitabxanasında “Ağdam şəhəri günü”nə həsr olunmuş kitab sərgisi açılıb

Prezident Kitabxanasında “Ağdam şəhəri günü”nə həsr olunmuş kitab sərgisi açılıb

Prezident Kitabxanasında “Ağdam şəhəri günü”nə həsr olunmuş kitab sərgisi açılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 noyabr “Ağdam şəhəri günü” kimi qeyd olunur. Bu münasibətlə Prezident Kitabxanasında Ağdam şəhərinin işğaldan azad edilməsinə, tarixinə və zəngin mədəni irsinə həsr olunmuş kitab sərgisi təşkil edilib. Sərgidə Ağdam rayonunun tarixi, mədəniyyəti, işğal dövrü və azadlıqdan sonrakı bərpa-quruculuq proseslərinə dair nəşrlər nümayiş olunur.

Ekspozisiyada Vətən Müharibəsində əldə olunmuş Qələbəni, Ağdamın azad edilməsini və rayonun sosial-iqtisadi dirçəlişini əks etdirən nəşrlər təqdim edilir. Sərgi həm də Ağdamın mədəni irsinin bərpası, şəhərin əvvəlki simasının yenidən formalaşdırılması və bölgədə normal həyatın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlər barədə dolğun təsəvvür yaradır.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə yekunlaşıb. Vətən Müharibəsində xalqımızın Qarabağ həsrəti sona çatdı və Ağdam rayonu heç bir güllə atılmadan Azərbaycan Respublikasına təhvil verildi. Üçtərəfli Bəyanata əsasən 20 noyabr 2020-ci ildə Ağdam şəhəri azad edilmiş və Müzəffər Ali Baş Komandan burada Azərbaycan bayrağını qaldırmışdır.

Hazırkı mərhələdə azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq müasir yaşayış məhəllələri salınır, infrastruktur yenidən qurulur və şəhərdə iri inkişaf layihələri həyata keçirilir. Bu prosesə dövlət başçısı İlham Əliyev şəxsən nəzarət edir.

Prezident Kitabxanasının təşkil etdiyi sərgi Ağdamın tarixi və mədəni irsinin daha dərindən öyrənilməsi, həmçinin azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərinin əhəmiyyətinin dəyərləndirilməsi üçün mühüm mənbə rolunu oynayır.