Xəbərlər

Prezident Kitabxanasından İtaliya-Azərbaycan Universitetinə kitab hədiyyəsi

Prezident Kitabxanasından İtaliya-Azərbaycan Universitetinə kitab hədiyyəsi

Prezident Kitabxanasından İtaliya-Azərbaycan Universitetinə kitab hədiyyəsi

ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetinin kitabxana kolleksiyasının zənginləşdirilməsi məqsədilə Prezident Kitabxanasının “Hədiyyə Fondu”ndan 25 nüsxə kitab hədiyyə olunub.

İtaliya-Azərbaycan Universiteti Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis edilib. Layihənin həyata keçirilməsinə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti – cəlb olunub. Bu məqsədlə ADA Universiteti ilə həmin universitetlər arasında İtaliya-Azərbaycan Universitetinin yaradılması və akademik əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan ilə İtaliya arasında təhsil və mədəni əməkdaşlığın mühüm göstəricisi olan bu universitet çərçivəsində yeni tədris məkanlarının istifadəyə verilməsi nəzərdə tutulur. Xüsusilə “Dizayn və Memarlıq Məktəbi” ilə “Aqrar və Qida Sənayesi Elmləri Məktəbi”nin fəaliyyət göstərəcəyi müasir binaların açılışı planlaşdırılır.

Prezident Kitabxanası tərəfindən təqdim edilən nəşrlər incəsənət, memarlıq, torpaq və aqrar elmləri, sahibkarlığın inkişafı və ekoloji idarəetmə kimi sahələri əhatə edən elmi və ensiklopedik məzmunlu kitablardan ibarətdir. Bu nəşrlər İtaliya-Azərbaycan Universitetinin elmi-informasiya resurslarının zənginləşməsinə, tələbə və tədqiqatçılar üçün daha geniş informasiya mühitinin formalaşmasına töhfə verir.