Xəbərlər

Prezident Kitabxanasında “Kəlbəcər şəhəri günü”nə həsr olunmuş kitab sərgisi təşkil edilib

Prezident Kitabxanasında “Kəlbəcər şəhəri günü”nə həsr olunmuş kitab sərgisi təşkil edilib

Prezident Kitabxanasında “Kəlbəcər şəhəri günü”nə həsr olunmuş kitab sərgisi təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncama əsasən 25 noyabr “Kəlbəcər şəhəri günü” kimi qeyd olunur. Bu münasibətlə Prezident Kitabxanasında Kəlbəcər şəhərinin işğaldan azad edilməsinə, tarixinə və zəngin mədəni irsinə həsr olunmuş kitab sərgisi təşkil edilib. Sərgidə Kəlbəcər rayonunun tarixi, mədəniyyəti, işğal dövrü və azadlıqdan sonrakı bərpa-quruculuq proseslərinə dair müxtəlif nəşrlər nümayiş olunur.

Ekspozisiyada Vətən Müharibəsində əldə olunmuş Qələbəni, Kəlbəcərin azad edilməsini və rayonun sosial-iqtisadi dirçəlişini əks etdirən kitablar, elmi-publisistik nəşrlər və məqalə topluları nümayiş olunur. Sərgi həm də Kəlbəcərin mədəni irsinin bərpası, şəhərin əvvəlki simasının yenidən formalaşdırılması və bölgədə normal həyatın bərpası istiqamətində görülən tədbirləri dolğun şəkildə əks etdirir.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tam Qələbəsi və düşmənin kapitulyasiyası ilə yekunlaşıb. 44 günlük Vətən Müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipial mövqeyi və dəmir iradəsi, eləcə də Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və işğal altında saxladığı əraziləri boşaltmağa məcbur edib. Bu Zəfərlə xalqın Qarabağ həsrətinə son qoyulub, Kəlbəcər rayonu isə heç bir güllə atılmadan Azərbaycan Respublikasına təhvil verilib.

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən tam şəkildə boşaldılıb. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun bütün yaşayış məntəqələri işğaldan azad edilib, Azərbaycanın suverenliyi bərpa olunub.

Hazırkı mərhələdə Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin diqqət və nəzarəti altında rayon ərazisində yol-nəqliyyat infrastrukturunun yenilənməsi, sosial obyektlərin inşası, yaşayış məntəqələrinin bərpası və gündəlik həyatın bərpası istiqamətində kompleks layihələr sürətlə icra olunur.

Prezident Kitabxanasının təşkil etdiyi kitab sərgisi Kəlbəcərin tarixi və mədəni irsinin daha dərindən öyrənilməsi, həmçinin azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərinin mahiyyət və əhəmiyyətinin dəyərləndirilməsi baxımından mühüm informasiya mənbəyi rolunu oynayır.