Prezident Kitabxanası fonduna Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxcildlik “İnkişaf – məqsədimizdir” silsiləsinin xüsusi buraxılışı – “Zəfər. Tam və Qəti Qələbə” kitabı daxil edilib.
Nəşrdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il Vətən müharibəsinin ilk anlarından Zəfər gününədək göstərdiyi qətiyyətli liderlik fəaliyyəti, siyasi müdrikliyi və hərbi-diplomatik bacarığı ətraflı şəkildə işıqlandırılır.
Kitab Azərbaycan Prezidentinin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi ağır artilleriya atəşinə tutmasından dərhal sonra — 27 sentyabr 2020-ci il saat 12:45-də xalqımıza etdiyi tarixi müraciətlə başlayır.
“Zəfər. Tam və Qəti Qələbə” nəşrində Prezident İlham Əliyevin Vətən müharibəsinin 44 günü ərzində müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə apardığı telefon danışıqlarının mətnləri, xalqa ünvanladığı videomüraciətlər, aparıcı beynəlxalq KİV-lərə verdiyi müsahibələr və hər bir yaşayış məntəqəsinin azad olunması ilə bağlı paylaşdığı tvitlər toplanıb.
Yeni nəşrdə 44 gündə işğaldan azad edilmiş şəhər və kəndlərin, yaşayış məntəqələrinin siyahısı xronoloji ardıcıllıqla təqdim olunub, həmçinin erməni qəsbkarlardan götürülmüş qənimət silah-sursatların adları verilib, eləcə də Ağdam, Laçın və Kəlbəcər rayonlarının bir güllə atılmadan, heç bir itki verilmədən azad olunması ilə bağlı Ali Baş Komandanın xalqa müraciətləri öz əksini tapır.
Kitabda, həmçinin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri, cəmi 23 saat 43 dəqiqə ərzində separatçı silahlı birləşmələrin tərksilah edilərək ərazimizdən çıxarılması və bununla da Azərbaycanın suverenliyinin tam bərpa olunması barədə məlumatlar yer alır.
Nəşrin diqqətəlayiq hissəsini Prezident İlham Əliyevin 2025-ci il 7-9 avqust tarixlərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə həyata keçirdiyi işgüzar səfər zamanı baş tutan görüşlər, danışıqlar və tarixi əhəmiyyət daşıyan çıxışlar təşkil edir. Eyni zamanda, Azərbaycan, Amerika Birləşmiş Ştatları prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı Birgə Bəyannamə də kitabda tam mətnlə təqdim olunur.
“Zəfər. Tam və Qəti Qələbə” nəşri Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin, milli birliyin və dövlətçilik iradəsinin parlaq salnaməsidir. Bu kitab Prezident Kitabxanasının fondunu müasir Azərbaycan tarixini əks etdirən dəyərli sənədli mənbə ilə zənginləşdirməklə yanaşı, oxucular üçün Vətən müharibəsinin hərbi-siyasi gedişini, Azərbaycanın beynəlxalq miqyasda qazandığı diplomatik uğurları və müstəqil dövlətimizin gücünü əks etdirən etibarlı mənbə rolunu oynayır.
Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: müraciətlər, müsahibələr, telefon danışıqları, çıxışlar, bəyanatlar, tvitlər / İ. H. Əliyev; bur. məsul Ə. Ağalarov.
Xüsusi bur.: Zəfər: 27 sentyabr - 10 noyabr: 44 gün. Tam və qəti qələbə.- Bakı: Azərnəşr, 2025.- 548 s.