Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ və Azərbaycan SSR Xalq artisti, akademik Qara Qarayevin yaradıcılığına həsr olunmuş kitab Prezident Kitabxanasına hədiyyə edilib.
Pərviz Musayevin türk dilində qələmə aldığı “20. Yüzyıl Azerbaycan Müziği ve Kara Karayev Eserlerinde Doğu-Batı Etkileşimi” kitabı müəllif tərəfindən Prezident Kitabxanasına hədiyyə edilib. Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan kitab 2025-ci ildə Ankarada çap edilib və XX əsr Azərbaycan musiqisi ilə Qara Qarayev yaradıcılığına həsr olunub. Pərviz Musayev Azərbaycan Milli Konservatoriyasında bakalavr, İstanbul Universitetində magistratura təhsili alıb, hazırda Qazi Universitetinin Təhsil Elmləri İnstitutunda doktorantura təhsilini davam etdirir.
Nəşrdə Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında ziyalıların, ictimai proseslərin və bəstəkar yaradıcılığının rolu araşdırılır, XX əsr Azərbaycan musiqisinin inkişafına ümumi nəzər salınır. Daha sonra Qara Qarayevin həyat və yaradıcılığı, XX əsr Azərbaycan musiqisində bəstəkarlıq məktəbinin inkişafındakı rolu və əsərlərində Şərq-Qərb qarşılıqlı təsirinin təzahürləri geniş təhlil olunur.
Qara Qarayevin “Don Kixot” simfonik qravürləri, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, eləcə də Üçüncü simfoniyası kitabda ayrıca təhlil edilir. Bu əsərlər əsasında bəstəkarın yaradıcılığında Şərq və Qərb musiqi ənənələrinin qarşılıqlı əlaqəsi araşdırılır. Nəşrdə Qara Qarayevin əsərlərindən fraqmentlərə və şəxsi sənədlərindən fotolara da yer verilir.
Qara Qarayevin yaradıcılığı, XX əsr Azərbaycan musiqisinin inkişaf mərhələləri və milli musiqi ənənələrinin Şərq-Qərb kontekstində qarşılıqlı əlaqəsi barədə materialları bir araya gətirən kitab musiqişünaslar, tədqiqatçılar, tələbələr və Azərbaycan musiqi irsi ilə maraqlanan digər oxucular üçün araşdırma və mütaliə baxımından faydalıdır. Kitabın Prezident Kitabxanasının fonduna daxil edilməsi bu nəşrin Qara Qarayev yaradıcılığı və XX əsr Azərbaycan musiqisi üzrə araşdırmalarda istifadəsinə xidmət edir.
Musayev, Parviz. 20. Yüzyıl Azerbaycan Müziği ve Kara Karayev Eserlerinde Doğu-Batı Etkileşimi.- Ankara: Eğitim Yayınevi, 2025.- 150 s.