Prezident Kitabxanasında alimlər, ziyalılar və ictimai xadimlərlə görüşlər artıq ənənəyə çevrilib.
Filologiya elmləri doktoru, professor, Əməkdar müəllim İbrahim Bayramov Prezident Kitabxanasının qonağı olmuş, görülən işlərlə tanış olmuş və yeni çap edilmiş kitablarını Kitabxana fonduna hədiyyə etmişdir.
Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində Elmi-təşkilati şöbəsinin müdiri vəzifəsində çalışan İbrahim Bayramovun tədqiqat sahəsi əsasən Qərbi Azərbaycan toponimlərinin, Azərbaycan dilinin fonetikasının, morfologiyasının, leksikologiyasının, dialektologiyasının və şivələrinin tədqiqi ilə məşğuldur. Azərbaycanlılara qarşı indiki Ermənistan ərazisində həyata keçirilən etnik təmizləmə siyasəti, toponimlərə qarşı cinayətlər, soyqırımları və deportasiyalar tarixi onun tədqiqatlarının başlıca istiqamətlərindəndir. O, “Ermənistanın türkmənşəli toponimlərinin tarixi-linqvistik təhlili” mövzusunda yazdığı dissertasiya işini 2007-ci ildə müdafiə etmişdir.
Onun müəllifi olduğu “Qərbi Azərbaycan toponimlərinin tərkibində işlənən söz və coğrafi terminlər lüğəti” (Bakı, 2000), “Qərbi Azərbaycanın türk mənşəli toponimləri” (Bakı, 2002), “Qərbi Azərbaycanın toponimlər sistemi” (Bakı, 2005), “Qərbi Azərbaycan şivələrinin leksikası” (Bakı, 2011), “Qərbi Azərbaycan: tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti” (Bakı, 2012), “Azərbaycan dialektologiyasının əsasları” (Bakı, 2015), “Azərbaycan dili şivələrinin fonetikası” (Bakı, 2016) kitabları, həmçinin tarixçi alim Nazim Mustafa ilə birgə ərsəyə gətirdikləri “Həqiqətin onomastikası: indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması” kitabı 2021-2023-cü illərdə Bakı şəhərində Azərbaycan, ingilis və rus dillərində çap edilmişdir. Həmin kitabların elektron versiyaları Prezident Kitabxanasının saytında yerləşdirilmişdir.
Professor İbrahim Bayramov son dövrlərdə çap edilən “Azərbaycan dili şivələrinin morfologiyası” (Ankara, 2019), “Azərbaycan dili şivələrinin leksikologiyası” (Bakı, 2020), “Türk dillərinin müqayisəsi” (Bakı, 2020, Almaz Bədəlova ilə birgə), “Azərbaycan dialektologiyası” (Ankara, 2021), “Tarixi Azərbaycan torpağı Qərbi Zəngəzur” (Ankara, 2023) kitablarını və onların elektron versiyalarını Prezident Kitabxanasına təqdim etmişdir.
Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova professor İbrahim Bayramova öz kitabları ilə kitabxana fondunu daha da zənginləşdirdiyi üçün minnətdarlığını bildirmiş və ona elmi-pedaqoji fəaliyyətində uğurlar arzulamışdır.