Azərbaycan Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov Prezident Kitabxanasına “Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: Ənənəvi enerjidən "Yaşıl enerji"yə keçid” adlı monoqrafiyasını hədiyyə edib.
Monoqrafiyada “yaşıl enerji”yə keçid şəraitində Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasətinin mahiyyəti, strukturu, prioritet istiqamətləri və inkişaf perspektivləri ardıcıl və sistemli şəkildə araşdırılır. Müəllif enerji siyasətinin formalaşma mexanizmlərini elmi yanaşma əsasında təhlil edir və bu sahədə mövcud çağırışlar və gələcək inkişaf istiqamətləri barədə dolğun mənzərə yaradır.
Nəşrdə Azərbaycanın xarici şirkətlərlə enerji sahəsində əməkdaşlığı, beynəlxalq müstəvidə “yaşıl keçid” prosesinə verdiyi töhfələr geniş kontekstdə nəzərdən keçirilir. Bununla yanaşı, COP29 çərçivəsində irəli sürülən təşəbbüslər və qəbul olunmuş qərarlar elmi baxımdan qiymətləndirilir.
Elmi və praktik əhəmiyyət kəsb edən bu monoqrafiya təkcə mütəxəssislər üçün deyil, geniş oxucu auditoriyası üçün də faydalı mənbədir. Enerji təhlükəsizliyi, dayanıqlı inkişaf və “yaşıl enerji”yə keçid kimi aktual mövzulara maraq göstərən oxucular üçün nəşr həm məlumatlandırıcı, həm də analitik baxımdan zəngin material təqdim edir.
Prezident Kitabxanası professor Elman Nəsirova hədiyyə etdiyi bu dəyərli elmi nəşrə görə təşəkkürünü bildirir.
Nəsirov, Elman Xudam oğlu. Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən "yaşıl enerji"yə keçid: monoqrafiya / E. X. Nəsirov; elmi red. V. Qasımlı; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Mütərcim, 2026.- 384 s.