Xəbərlər

Prezident Kitabxanasına turizm sahəsinə aid yeni kitablar hədiyyə edilib

Prezident Kitabxanasına turizm sahəsinə aid yeni kitablar hədiyyə edilib

Prezident Kitabxanasına turizm sahəsinə aid yeni kitablar hədiyyə edilib

Prezident Kitabxanasının fonduna turizm sahəsinə aid “Turizm İşinin təşkili” və “Dayanıqlı turizm” kitabları daxil olub. Nizami Qafarovun “Turizm İşinin təşkili”, Elnur Allahverdiyevin isə “Dayanıqlı turizm” adlı kitabları müəllifləri tərəfindən Prezident Kitabxanasına hədiyyə edilib.

Nizami Qafarovun “Turizm İşinin təşkili” kitabında turizm fəaliyyətinin nəzəri əsasları, turizm sənayesinin tərkibi, turizm bazarı, resurslardan istifadə, fəaliyyətin hüquqi əsasları, turizm müəssisələrinin təşkili, məhsul və xidmətlərin formalaşdırılması, marketinq və menecment, insan resurslarının idarə edilməsi, maliyyə-iqtisadi mexanizmlər, innovasiyalar və rəqəmsal texnologiyalar, risklərin idarə edilməsi və təhlükəsizlik, eləcə də turizmin sosial-iqtisadi rolu və inkişaf perspektivləri nəzərdən keçirilir. Nəşr ali məktəb tələbələri, turizm sahəsində çalışan mütəxəssislər və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulub.

Elnur Allahverdiyevin “Dayanıqlı turizm” kitabında kütləvi turizmin yaratdığı ekoloji, sosial və iqtisadi risklər təhlil edilir, bu çağırışlara alternativ yanaşma kimi dayanıqlı turizmin prinsipləri və tətbiq mexanizmləri izah olunur. Nəşrdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, ekoloji daşıma qabiliyyətinin ölçülməsi, Turizmin Peyk Hesabı, ESG mexanizmləri, yaşıl sertifikatlaşdırma və destinasiya menecmenti kimi müasir elmi-metodoloji alətlər nəzərdən keçirilir. Kitabda Avropa, Skandinaviya, Amerika və Asiya ölkələrinin dayanıqlı turizm təcrübəsi müqayisəli şəkildə araşdırılır, bu modellərin Azərbaycan reallığına uyğunlaşdırılması imkanları nəzərdən keçirilir. Azərbaycanın müasir turizm strategiyası, regional inkişaf proqramları, icma əsaslı turizm, həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji zonası” prinsipləri əsasında həyata keçirilən turizm quruculuğu dövlət siyasəti kontekstində təhlil olunur.