Prezident Kitabxanasında alimlər, ziyalılar və ictimai xadimlərlə görüşlər bir ənənəyə çevrilib. Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanasının Dairə Başkanı Ayhan Tuğlu Prezident Kitabxanasının qonağı olub.
Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova qonağa kitabxananın fondu, fəaliyyəti, informasiya resursları, əsas strukturları, oxuculara göstərilən xidmətlər barədə ətraflı məlumat verib. Görüş çərçivəsində, hər iki kitabxana arasında əməkdaşlıq, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanasının Dairə Başkanı Ayhan Tuğlu ilə görüşdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Kitab Evi” MMC-nin direktoru Gülər Əliyeva və Prezident Kitabxanasının direktorunun müşaviri Nazim Mustafa iştirak ediblər.
Ayhan Tuğlu Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin elm və mədəniyyət sahəsində də inkişaf etdiyini vurğulayaraq, türk dövlətlərinin kitabxanaları arasında daha sıx əməkdaşlığın vacibliyini qeyd edib.
Qeyd edək ki, Ankara şəhərində yerləşən Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası 2020-ci ildə istifadəyə verilmiş və qısa müddətdə regionun ən nüfuzlu elmi-mədəni mərkəzlərindən birinə çevrilmişdir. Kitabxananın fondunda 4 milyon 732 mindən artıq çap resursu mövcuddur. Buraya elektron kitablar, jurnallar, elmi məqalələr, arxiv sənədləri və s. daxildir.
Kitabxana eyni zamanda türk dünyasına aid nəşrlərin toplanması, sistemləşdirilməsi və yayılması istiqamətində xüsusi layihələr həyata keçirir. Ayhan Tuğlunun təşəbbüsü ilə “Türk dünyası Milli Kitabxanaları Birliyi”nin yaradılması ideyası gündəmə gətirilmiş və bu istiqamətdə danışıqlar davam etdirilir.
Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanasının Dairə Başkanı Ayhan Tuğluya əməkdaşlıq təşəbbüslərinə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.