Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi tərəfindən Prezident Kitabxanasına “Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti: teatr və kino: sənədlər toplusu” və “Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti: musiqi mədəniyyəti: sənədlər toplusu” adlı kitablar hədiyyə olunub.
“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti. Teatr və kino. Sənədlər toplusu” kitabında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin fondlarında mühafizə olunan, Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə teatr və kinematoqrafiya sahəsində həyata keçirilən dövlət siyasətini əks etdirən sənədlər təqdim olunur. Toplu milli teatr və kino sənətinin inkişaf istiqamətlərinin, mədəni siyasətin prioritetlərinin və dövlət dəstəyi mexanizmlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti. Musiqi mədəniyyəti. Sənədlər toplusu” kitabında isə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin fondlarında mühafizə olunan, Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə musiqi mədəniyyəti sahəsində dövlət siyasətini işıqlandıran sənədlər yer alıb. Toplu həmin dövrdə Azərbaycan musiqi mədəniyyətinin inkişaf istiqamətlərinin, musiqi təhsilinin genişləndirilməsi siyasətinin və milli-mədəni irsin qorunmasına yönəlmiş fəaliyyətin araşdırılması baxımından mühüm mənbə kimi çıxış edir.
Prezident Kitabxanasının fondlarına daxil edilən bu kitablar Azərbaycanın sovet dövrü mədəniyyət tarixinin, Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin və dövlətin mədəniyyət siyasətinin sənədlər əsasında öyrənilməsi baxımından mühüm elmi və mənbəşünaslıq əhəmiyyəti daşıyır. Toplular milli mədəniyyət tarixinin və Ümummilli lider Heydər Əliyevin mədəniyyət siyasətinin araşdırılması ilə maraqlanan mütəxəssislər və geniş oxucu auditoriyası üçün dəyərli elmi resursdur.