Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Prezident Kitabxanasına “Qarabağ Azərbaycandır!: Böyük Qayıdış!” adlı dəyərli nəşr hədiyyə olunub. Dörd fəsildən ibarət kitab ölkəmizin siyasi fəaliyyətini, Qarabağın bərpası prosesini və hüquqi tədbirləri əhatə edir.
“Siyasi icmal” fəsli Prezident İlham Əliyevin 2021–2022-ci illərdəki fəaliyyəti, beynəlxalq və daxili münasibətlərdəki rolu, dövlət idarəçiliyi ilə bağlı mühüm qərar və təşəbbüsləri, milli və rəsmi tədbirlərdəki çıxışları, həmçinin xarici dövlət və beynəlxalq təşkilatlar nümayəndələri ilə görüşlərini əks etdirir. Fəsildə ölkənin ərazi bütövlüyünün bərpası və diplomatik fəaliyyət istiqamətində atılmış addımlar da yer alır.
“Müsahibələr” fəsli Prezident İlham Əliyevin yerli və xarici media qurumlarına verdiyi açıqlamaları əhatə edir. Burada Azərbaycanın siyasi mövqeyi, regional proseslər, 44 günlük Vətən müharibəsinin nəticələri, diplomatik fəaliyyət, Cənubi Qafqazda təhlükəsizlik arxitekturası, iqtisadi inkişaf və enerji layihələri kimi strateji mövzular təqdim olunur. Fəsildə Azərbaycan Televiziyası, CNN Türk, Anadolu Agentliyi, EFE, “La Repubblica”, “El Pais”, “Il Sole 24 Ore”, “Rossiya-1” və digər aparıcı media qurumlarına verdiyi müsahibələr, eləcə də Brüssel, Çemobbio və Praqa səfərləri zamanı jurnalistlərə səsləndirdiyi açıqlamalar yer alır.
“Qayıdış prosesi” fəsli işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa, yenidənqurma və məskunlaşdırma tədbirlərini əhatə edir. Burada su, enerji və nəqliyyat infrastrukturu, “yaşıl enerji” zonası, “ağıllı kənd” layihələri, hava limanları, sənaye parkları, kənd təsərrüfatı sahələri, şəhərsalma siyasəti və memarlıq irsinin bərpası üzrə görülən işlər təqdim olunur. Eyni zamanda Şuşanın mədəniyyət paytaxtı elan edilməsi, muzey və məbədlərin yenidən qurulması, festival və mədəni tədbirlər, eləcə də Prezident və Birinci vitse-prezident Mehriban Əliyevanın bölgələrə səfərləri fonunda həyata keçirilən dövlət quruculuq siyasəti əksini tapır.
“Ədalətin təmin olunması” fəsli Ermənistanın işğal və müharibə dövründə törətdiyi cinayətlərin araşdırılması və hüquqi cavabdehliyin təmin olunmasına həsr edilib. Fəsildə işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyəti, mina terroru, mülki və hərbi şəxslərə qarşı cinayətlərin istintaqı, kütləvi məzarlıqların aşkarlanması, insanlığa qarşı cinayətlər, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və ictimaiyyətə təqdim olunan materiallar yer alır.
Prezident Kitabxanasının rəhbərliyi göstərilən diqqətə görə Azərbaycan Respublikasının Baş Prokurorluğuna təşəkkürünü bildirir. “Qarabağ Azərbaycandır!: Böyük Qayıdış!” nəşri ölkənin müasir tarixini, dövlət siyasətini, bərpa və hüquqi prosesləri əks etdirən dəyərli mənbə kimi geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qarabağ Azərbaycandır! / Azərbaycan Respublikasının Baş Prokurorluğu; tərt. K. Əliyev.
II kitab: Böyük Qayıdış!.- Bakı: Tuna, 2025.- 406 s.