Prezident Kitabxanasında alimlər, ziyalılar və ictimai xadimlərlə görüşlər ənənəsi davam etdirilir. Azərbaycan tarixşünaslığının və mənbəşünaslığının zənginləşməsində müstəsna xidmət göstərən, elmlər namizədi Nazir Əhmədli Prezident Kitabxanasının qonağı olub, görülən işlərlə tanış olub və kitablarını Kitabxana fonduna hədiyyə edib.
XIX əsrin əvvəlindən etibarən Rusiya hökuməti işğal etdiyi yeni ərazilərdə idarəetməni asanlaşdırmaq və maliyyə-vergi sistemini nizama salmaq məqsədi ilə tərtib etdirdiyi kameral təsvirlərdə inzibati-ərazi bölgü, idarəetmə sistemi, sosial-iqtisadi vəziyyət, kənd təsərrüfatı, vergi sistemi, mülkiyyət formaları, pul, ölçü və çəki vahidləri, əhalinin sayı və milli mənsubiyyəti haqqında məlumatları ətraflı şəkildə əks etdirərək kameral siyahıyaalmalar həyata keçirmişdir.
Nazir Əhmədli ixtisasca kimyaçı-alim olsa da, müxtəlif illərdə keçirilən kameral siyahıyaalmaların materiallarını çox böyük zəhmət və şəxsi maddi vəsaiti hesabına əldə edərək, onları tərcümə etmiş, yeni dizaynda tərtib etmiş və ön söz yazaraq istifadəçilərin ixtiyarına vermişdir. Kameral təsvirlərin böyük qismi İrəvandakı, az qismi isə Tiflisdəki, Peterburqdakı və Bakıdakı dövlət arxivlərində saxlanılır.
Hazırda Azərbaycanda Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyən Nazir Əhmədli, Azərbaycan mənbəşünaslığındakı boşluqların doldurulması sahəsindəki fəaliyyətini özünün Vətən torpağı qarşısında övladlıq borcu hesab edir. İndiyədək onun gərgin zəhməti bahasına azərbaycanlıların yaşadıqları müxtəlif inzibati əraziləri əhatə edən 25 adda kameral təsvirlər əsasən AMEA-nın Tarix və Etnologiya İnstitutunun Elmi Şurasının qərarları ilə çap edilib.
Nazir Əhmədli Prezident Kitabxanasına gələrək son dövrdə çap etdirdiyi "İrəvan qəzasının kameral təsviri. 1873-cü il". (Bakı, 2025), "Şərur-Dərələyəz qəzasının kameral təsviri. 1873-cü il". (Bakı, 2024), "Yeni Bəyazid qəzasının kameral təsviri. 1873-cü il". (Bakı, 2024), "Qarabağ əyalətinin kameral təsviri. 1832-1833-cü illər". (Bakı, 2023), "Zəngəzur qəzasının kameral təsviri. 1874-cü il." (Bakı, 2022), "Zəngəzur mahalının kameral təsviri. 1832-1833-cü illər". (Bakı, 2021) kitablarını və onların elektron versiyalarını Kitabxananın fonduna hədiyyə edib.
Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova tədqiqatçı-alim Nazir Əhmədliyə öz kitabları ilə kitabxana fondunu daha da zənginləşdirdyi üçün minnətdarlıq edib, ona şərəfli missiyası ilə əlaqədar uğurlar arzulayıb.