Xəbərlər

Prezident Kitabxanasına diplomatiya və beynəlxalq münasibətlərə dair kitablar hədiyyə olunub

Prezident Kitabxanasına diplomatiya və beynəlxalq münasibətlərə dair kitablar hədiyyə olunub

Prezident Kitabxanasına diplomatiya və beynəlxalq münasibətlərə dair kitablar hədiyyə olunub

Diplomat Aqşin Mehdiyevin müəllifi olduğu “Ömrün səhifələrini vərəqləyərkən” və “The Republic of Azerbaijan in the United Nations Security Council 2012–2013” (“Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012–2013-cü illərdə fəaliyyəti”) adlı kitablar Prezident Kitabxanasına hədiyyə edilib.

“Ömrün səhifələrini vərəqləyərkən” kitabında Azərbaycan diplomatiyasının keçdiyi tarixi yol, bu sahədə əldə olunan uğurlar, eləcə də ictimai, tarixi və coğrafi baxımdan mühüm hadisə və proseslərdən bəhs edilir. Müəllifin yol qeydləri, səfər təəssüratları və düşüncələri əsasında qələmə alınan kitabda tarixi gerçəkliklər, diplomatik fəaliyyətin müxtəlif mərhələləri və müəllifin şahidi olduğu hadisələr öz əksini tapıb.

“The Republic of Azerbaijan in the United Nations Security Council 2012-2013” (“Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012–2013-cü illərdə fəaliyyəti”) kitabında Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu 2012–2013-cü illərdəki fəaliyyəti haqqında ətraflı məlumat verilir. Nəşrdə Azərbaycan Respublikasının Prezidentinin, xarici işlər nazirinin, BMT-dəki Daimi nümayəndəsinin və digər rəsmi şəxslərin çıxış və bəyanatları, habelə Təhlükəsizlik Şurasının gündəliyindəki konkret məsələlərə dair hesabatlar və konseptual sənədlər yer alıb.

Hər iki nəşr Azərbaycan diplomatiyasının tarixi təcrübəsinin, ölkənin xarici siyasət fəaliyyətinin və beynəlxalq münasibətlər sistemində iştirakının müxtəlif istiqamətlərinin öyrənilməsi üçün əhəmiyyətli materiallar ehtiva edir. Kitablar diplomatiya və beynəlxalq münasibətlər üzrə biliklərin dərinləşdirilməsinə, Azərbaycanın xarici siyasət fəaliyyətinin müxtəlif mərhələlərinin öyrənilməsinə, bu sahələr üzrə tədqiqat və tədris işlərinin aparılmasına xidmət edir. Nəşrlər eyni zamanda Azərbaycan diplomatiyasının tarixi və beynəlxalq fəaliyyəti ilə maraqlanan geniş oxucu auditoriyası üçün mövzu ilə bağlı dolğun məlumat əldə etmək və ayrı-ayrı məsələləri daha dərindən araşdırmaq baxımından əhəmiyyətli materiallar təqdim edir.