Xəbərlər

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi Prezident Kitabxanasına nəşrlər hədiyyə edib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi Prezident Kitabxanasına nəşrlər hədiyyə edib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi Prezident Kitabxanasına nəşrlər hədiyyə edib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən Prezident Kitabxanasına iki yeni nəşr – «Publik hüquqi şəxslər haqqında» Azərbaycan Respublikası Qanununun elmi-praktiki kommentariyası və Normayaratma kitabları hədiyyə olunub.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış «Publik hüquqi şəxslər haqqında» Azərbaycan Respublikası Qanununun elmi-praktiki kommentariyası nəşrində qanunun müddəalarının sistemli və maddə-maddə elmi şərhi verilir. Vəsait qanunun nəzəri və tətbiqi aspektlərinin daha dərindən mənimsənilməsinə, onun müddəalarının publik hüquqi şəxslərin iştirakı ilə formalaşan hüquqi münasibətlərdə düzgün və ardıcıl tətbiqinə dəstək məqsədi daşıyan elmi-metodoloji mənbədir.

Nəşr müvafiq sahədə elmi araşdırmalar aparan tədqiqatçılar, hüquqşünas alimlər və praktiki hüquqşünaslar üçün nəzərdə tutulub. Eyni zamanda, ali təhsil müəssisələrinin hüquq fakültələrinin tələbələri, eləcə də publik hüquqi şəxslərin fəaliyyəti və bu sahədə hüquqi tənzimləmə mexanizmləri ilə maraqlanan oxucular üçün faydalı vəsaitdir.

Prezident Kitabxanasına təqdim olunan digər nəşr – Normayaratma kitabı normativ hüquqi aktların hazırlanması, əsaslandırılması və şərh edilməsinin normativ və metodoloji əsaslarını əhatə edir. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə hazırlanmış nəşrdə normayaratma sahəsində formalaşmış milli təcrübə ümumiləşdirilir, beynəlxalq yanaşmalar isə müqayisəli şəkildə təqdim olunur.

Kitab normayaratma prosesində iştirak edən subyektlər üçün praktik və elmi-metodoloji vəsait olmaqla yanaşı, dövlət qulluqçuları, hüquqşünas alimlər, vəkillər, ali təhsil müəssisələrinin hüquq fakültələrinin tələbələri və bu sahə ilə maraqlanan digər şəxslər üçün də əhəmiyyətli mənbədir.

Prezident Kitabxanası fondun zənginləşdirilməsinə göstərdiyi dəstəyə görə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinə təşəkkürünü bildirir. Bu nəşrlərin kitabxana fonduna daxil edilməsi hüquqi biliklərin yayılmasına, elmi tədqiqatların informasiya təminatının genişləndirilməsinə və hüquq sahəsində ixtisaslaşmış resurs bazasının inkişafına mühüm töhfə verir.