Avqustun 26-da Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetinin professorları Yavuz Aslan və xanımı Betül Aslan Prezident Kitabxanasında qonaq olublar. Görüş zamanı alimlər kitabxanaya elmi tədqiqatlarının nəticəsi olan nəşrlərini təqdim ediblər.
Hər iki alim uzun illərdir Azərbaycanla bağlı tədqiqatlar aparır. 1990-cı illərin əvvəllərində iki il müddətində Azərbaycan Milli Elmlər Akademiyasında ezamiyyətdə olmuş, Bakı arxivlərində sənədləri araşdırmışlar. Vaxtaşırı olaraq Türkiyədə çap etdirdikləri kitabların nüsxələrini Prezident Kitabxanasına göndərən alimlər bu dəfə yeni nəşrləri ilə kitabxanaya təşrif gətiriblər.
Prof. Dr. Betül Aslanın hədiyyə etdiyi kitablar arasında “Kardaş Kömeği ve Bakü Müslüman Cemiyet-i Hayriyesi” və “Türkiye-Azerbaycan İlişkileri ve İbrahim Ebilov (1920-1923)” yer alır. Birinci kitab Birinci Dünya müharibəsi illərində Azərbaycanın Şərqi Anadoludakı türk-müsəlman əhaliyə göstərdiyi yardım və xilaskarlıq fəaliyyətlərini əhatə edir. İkinci kitab isə Sovet Azərbaycanının Türkiyədə səfiri olmuş İbrahim Əbilovun fəaliyyəti, Atatürklə şəxsi dostluğu və iki ölkə arasında siyasi əlaqələri, Azərbaycanın Türkiyəyə göstərdiyi təmənnasız yardımları işıqlandırır.
Prof. Dr. Yavuz Aslan isə “Doğu Halkları Kurultayı (1-7 Eylül 1920 – Bakü)” və “Mustafa Kemal – M. Frunze görüşmeleri” kitablarını təqdim edib. Birinci kitab 1920-ci ilin sentyabrında Bakıda keçirilmiş Şərq xalqlarının birinci qurultayının iştirakçıları və qəbul edilən qərarları təqdim edir, ikinci kitab isə Sovet-Türkiyə münasibətlərini arxiv sənədləri əsasında təhlil edir.
Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova qonaqlara kitabxana fondunu zənginləşdirdikləri üçün təşəkkürünü bildirib, onlara elmi-tədqiqat fəaliyyətlərində uğurlar arzulayıb və bu hədiyyələrin iki ölkə arasında mədəni və elmi əlaqələrin güclənməsinə töhfə verdiyini vurğulayıb.