Prezident Kitabxanasında XX əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, dünya şöhrətli bəstəkar, akademik Qara Qarayevin zəngin yaradıcılığına həsr olunmuş “Qara Qarayev” adlı virtual sərgi hazırlanıb. Virtual sərgi bəstəkarın həyat və fəaliyyətini, eləcə də onun Azərbaycan və dünya musiqi mədəniyyətində tutduğu mövqeyi əhatə edən sistemli informasiya mənbəyi kimi nəzərdə tutulub.
Sərgidə Qara Qarayevin bəstəkarlıq fəaliyyəti ilə yanaşı, pedaqoji və ictimai fəaliyyəti də geniş şəkildə təqdim olunur. Ekspozisiya çərçivəsində sənətkarın simfonik, kamera-instrumental, səhnə və kino musiqisi sahəsində yaratdığı əsərlər, klassik musiqi ənənələri ilə müasir bədii-estetik yanaşmaların sintezi və milli musiqi düşüncəsinin inkişafı ətraflı şəkildə işıqlandırılır.
Virtual sərgidə Qara Qarayevin yaradıcılıq yolunun əsas mərhələləri, musiqi irsinin formalaşması və inkişaf xüsusiyyətləri, eləcə də Azərbaycan professional musiqisinin təşəkkülündə və inkişafında oynadığı mühüm rol əks etdirilir. Sərgi həmçinin bəstəkarın yaradıcılığında milli musiqi ənənələrinin rolunu göstərir və onun klassik və müasir musiqi estetikası arasında yaratdığı bədii ahəng, janr və ideya-məzmun zənginliyini, eləcə də beynəlxalq musiqi mühitində qazandığı nüfuzu təqdim edir.
“Qara Qarayev” virtual sərgisi musiqişünaslar, tədqiqatçılar, müəllimlər, tələbələr və musiqi mədəniyyəti ilə maraqlanan geniş oxucu auditoriyası üçün etibarlı və zəngin məlumat mənbəyi olmaqla yanaşı, Azərbaycan musiqi irsinin öyrənilməsi, qorunması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
"Qara Qarayev" adlı virtual sərgi XX əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, dünya şöhrətli bəstəkar, akademik Qara Əbdülhəsən oğlu Qarayevin zəngin yaradıcılıq irsinə həsr olunmuşdur. Sərgidə bəstəkarın həyat və fəaliyyətinin…