Xəbərlər

Professor Vaqif Şadlinski Prezident Kitabxanasına dəyərli nəşrlər hədiyyə edib

Professor Vaqif Şadlinski Prezident Kitabxanasına dəyərli nəşrlər hədiyyə edib

Professor Vaqif Şadlinski Prezident Kitabxanasına dəyərli nəşrlər hədiyyə edib

Prezident Kitabxanasında alimlər, ziyalılar və ictimai xadimlərlə görüşlər ənənəsi çərçivəsində növbəti görüş keçirilib. Məşhur Şadlinskilər nəslinin görkəmli nümayəndəsi, Azərbaycan Tibb Universitetində kafedra müdiri, tibb elmləri doktoru, professor, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki Vaqif Şadlinski Kitabxananın qonağı olub. Görkəmli alim Prezident Kitabxanasında həyata keçirilən işlərlə yaxından tanış olaraq 28 adda 29 kitabı Kitabxana fonduna hədiyyə edib.

Hədiyyə olunan kitablar arasında insan anatomiyası, klinik anatomiya, morfoloji tədqiqatlar və tibbi terminologiya sahələrində Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş fundamental əsərlər yer alır. Dərslik və dərs vəsaitləri, elmi monoqrafiyalar, həmçinin alimin həyat və yaradıcılığına həsr edilmiş biblioqrafik və bioqrafik tədqiqatlar xüsusi diqqəti cəlb edir.

Qeyd etmək lazımdır ki, professor Vaqif Şadlinski 700-ə yaxın elmi əsərin müəllifidir, onun qələmə aldığı "Anatomiya atlası" Şərq ölkələri tarixində ilk anatomik atlas kimi xüsusi əhəmiyyət kəsb edir. Alim həmçinin latınca, Azərbaycanca, rusca və ingiliscə tərtib etdiyi "Anatomik terminologiya" kitabının, müxtəlif dillərdə çap olunan orijinal dərsliklərin, rezidentlər üçün hazırlanan ilk rəhbərliyin müəllifidir.

Görkəmli alimin əməyi və xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Vaqif Şadlinski tibb elminin və tibb təhsilinin inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin "Şöhrət" ordeni, "Əməkdar həkim" və "Əməkdar elm xadimi" fəxri adları, Prezidentin fərdi təqaüdü kimi ali mükafatlara layiq görülüb. Alim həmçinin bir sıra mötəbər beynəlxalq mükafatlarla təltif olunub. 2024-cü ildə Rusiya Elmlər Akademiyasının Fəxri Fərmanı və həmçinin Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilib.

Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Vaqif Şadlinskiyə öz kitabları ilə Kitabxana fondunu zənginləşdirdiyi üçün minnətdarlıq edib, ona şərəfli missiyası ilə əlaqədar yeni uğurlar arzulayıb. Professor Vaqif Şadlinskinın hədiyyə etdiyi nəşrlərlə zənginləşən fond milli elmi irsimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına mühüm töhfədir.