13 iyun 2025-ci il tarixdə Prezident Kitabxanasının Konfrans zalında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca iştirakçılar Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Prezident Kitabxanasının direktoru Afət xanım Abbasova tədbiri açaraq qeyd edib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas və inkişaf mərhələsinin başlanğıcı kimi tarixə düşüb. O vurğulayıb ki, 1993-cü ilin bu əlamətdar günü Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı, ölkədə anarxiyanın qarşısının alınması və sabitliyin bərqərar edilməsi baxımından həlledici rol oynayıb. Afət xanım Abbasova çıxışında həmçinin əlavə edib ki, bu gün Prezident Kitabxanası da öz fəaliyyətində məhz Heydər Əliyevin milli inkişaf strategiyasına əsaslanaraq müasir texnologiyaların tətbiqi və intellektual irsin qorunması istiqamətində mühüm layihələr həyata keçirir.
Tədbirdə çıxış edən Prezident Kitabxanasının elmi-katibi Anar Vəlizadə, Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsinin müdiri Zakir İsmayılov və Elektron nəşrlərin tərcüməsi qrupunun rəhbəri Kəmalə Quliyeva da öz çıxışlarında Ümummilli liderin müasir dövlət quruculuğundakı misilsiz xidmətlərindən, onun zəngin irsinin tədqiqi, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərdən bəhs etmiş, Heydər Əliyev ideyalarının bu gün də Azərbaycan cəmiyyətinin inkişafına yol göstərən əsas dayaqlardan biri olduğunu vurğulamışlar.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.