Tarix elmləri doktoru, professor Nurulla Əliyev müəllifi olduğu əsərlərini – “Geopolitics in the Caucasus–Caspian Region and Azerbaijan” və “Azerbaycan'da Askerlik İşleri ve Askerlik Sanatı (Eski çağlardan 16. yüzyılına kadar)” – Prezident Kitabxanasına hədiyyə edib. Elmi məzmunu və aktuallığı ilə seçilən bu nəşrlər kitabxana fondunun zənginləşdirilməsində əhəmiyyətli rol oynayır.
“Geopolitics in the Caucasus-Caspian Region and Azerbaijan” (“Qafqaz-Xəzər regionu və Azərbaycanın geosiyasəti”) adlı kitab Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tədris proqramına uyğun hazırlanmışdır. Əsərdə Azərbaycan ərazisində son üç min il ərzində baş vermiş əsas hərbi və tarixi hadisələr sistemli şəkildə təhlil edilir, Qafqaz-Xəzər regionuna nəzarət uğrunda əsrlər boyu davam edən geosiyasi rəqabətin mahiyyəti elmi əsaslarla izah olunur. Müəllif Orta əsrlərdən XVIII-XX əsrlərədək aparıcı dünya güclərinin geostrateji maraqlarının bu məkanda cəmləşdiyi mərhələlərə xüsusi diqqət yetirir.
Nəşrdə Ermənistan-Azərbaycan münaqişəsi fonunda regionda gedən geosiyasi proseslər araşdırılır, Azərbaycanın Xəzər enerji resurslarının dünya bazarlarına çıxarılmasında oynadığı rol, eləcə də “Şimal–Cənub” və “Cənub–Qərb” beynəlxalq nəqliyyat layihələrinin strateji əhəmiyyəti xüsusi vurğulanır. Bununla yanaşı, Birinci və İkinci Qarabağ müharibələri dövründə qlobal güclərin maraqlarının toqquşması, Azərbaycanın ərazi bütövlüyünün bərpasını şərtləndirən xarici siyasət amilləri və müharibədən sonrakı mərhələdə formalaşan yeni geosiyasi reallıqlar ətraflı təhlil edilir.
“Azerbaycan'da Askerlik İşleri ve Askerlik Sanatı” (“Azərbaycanda hərb işi və hərb sənəti”) adlı kitab Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında hazırlanmışdır. Əsər Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqatlar İnstitutu tərəfindən hazırlanmış “Azərbaycanın hərb tarixi” monoqrafiyası əsasında təkmilləşdirilmişdir. Kitabda üç minillik dövr ərzində Azərbaycan ərazisində baş vermiş hərbi-siyasi hadisələr, qədim dövrlərdən XVI əsrə qədər müharibələr və hərbi-strateji düşüncənin formalaşma mərhələləri geniş şəkildə işıqlandırılır.
Zəngin mənbələrə və elmi ədəbiyyata əsaslanan bu tədqiqatda Azərbaycanda hərb sənətinin yaranması və inkişaf xüsusiyyətləri, hərbi sistemin təşkili, döyüş taktikaları, istehkam və müdafiə qurğularının rolu, eləcə də müxtəlif silah növlərinin istehsalı və tətbiqi məsələləri ətraflı şəkildə araşdırılır. Hər iki nəşr ali təhsil müəssisələrinin müəllimləri, tədqiqatçılar, tələbələr və hərbi kursantlarla yanaşı, tarix və geosiyasətə maraq göstərən geniş oxucu auditoriyası üçün dəyərli elmi mənbədir.
Prezident Kitabxanası tərəfindən professor Nurulla Əliyevə kitab hədiyyəsinə görə təşəkkür bildirilir. Bu kimi təşəbbüslər elmi biliklərin yayılmasına və milli tariximizin daha dərindən öyrənilməsinə xidmət edir.