Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Prezident Kitabxanasına folklorşünaslıq üzrə zəngin elmi nəşrlər hədiyyə edib. Hədiyyə olaraq kitabxanaya Azərbaycan və türk xalqlarının folkloru, mifologiyası, xalq yaradıcılığı və şifahi ədəbiyyat ənənələrinin müxtəlif sahələrini əhatə edən 22 adda 44 nüsxə kitab, həmçinin "Dədə Qorqud" elmi-ədəbi toplusunun 6 nömrəsi təqdim olunub.
Nəşrlərdə Azərbaycan folklorunun müxtəlif sahələri, türk xalqlarının ortaq mifoloji və mərasim ənənələri, xalq müdrikliyini əks etdirən atalar sözləri, dastan yaradıcılığı, eləcə də şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyat arasındakı qarşılıqlı əlaqələr elmi yanaşma əsasında araşdırılır. Hədiyyə olunan nəşrlər sırasında folklor mətnlərinin funksional-semantik xüsusiyyətləri, şəhər folkloru, mədəniyyətlərarası ədəbi əlaqələr, həmçinin kosmoqonik və esxatoloji mifoloji təsəvvürlərə həsr olunmuş tədqiqatlar da yer alır.
Təqdim edilən nəşrlər Prezident Kitabxanasının fondunun daha da zənginləşdirilməsinə xidmət edir. Bu əsərlər eyni zamanda folklorşünaslıq, ədəbiyyatşünaslıq, tarix və mədəniyyət sahələrində araşdırma aparan alim və mütəxəssislər, eləcə də bu istiqamətlərə maraq göstərən geniş oxucu auditoriyası üçün mühüm elmi mənbə kimi xüsusi əhəmiyyət kəsb edir.
Prezident Kitabxanası bu nəşrlərə görə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutuna təşəkkürünü bildirir və bu təşəbbüsü milli folklor irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində mühüm töhfə kimi dəyərləndirir.