Prezident Kitabxanası nadir kitablar fondunun virtual kolleksiyasını yeni və qiymətli nəşrlərlə daim genişləndirir. Bu dəfə kolleksiyaya əlavə olunan kitablar həm mövzu baxımından rəngarəng, həm də yüksək bədii tərtibatı ilə diqqəti cəlb edir. XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid fransız uşaq ədəbiyyatı, macəra hekayələri, alman dilində səyahətnamə və klassik poeziya nümunələri oxucular üçün xüsusi maraq doğurur.
Bu kolleksiyada Anri Karnuanın 1909-cu ildə işıq üzü görmüş “Hans Mertens”, Pierre Perrault (Pyer Perro) 1910-cu ildə nəşr edilmiş “Les Expédients de Farandole” (“Farandolun hiylələri”), Élise de Pressensé (Elize de Pressansenin) XIX əsrin sonunda çap olunmuş “Petite Mère” (“Balaca ana”), Mark Tvenin 1903-cü ildə alman dilində dərc olunmuş “Meine Reise um die Welt” (“Mənim dünya səyahətim”) eləcə də Şota Rustavelinin 1944-cü ildə nəfis tərtibatda nəşr edilmiş “Витязь в тигровой шкуре” (“Pələng dərisi geymiş pəhləvan”) əsərləri yer alır.
Bu nəşrlər yalnız mövzu müxtəlifliyi ilə deyil, həm də öz poliqrafik gözəlliyi, tarixi və mədəni dəyəri ilə seçilir. Onlar müəlliflərin dövrünü, ədəbi mühitini və oxucu zövqünü yaşadan canlı şahidlərdir. Hər kitab üçün Azərbaycan, rus və ingilis dillərində hazırlanmış annotasiyalar bu ədəbiyyat irsini geniş oxucu auditoriyasına təqdim edir.
Prezident Kitabxanası nadir fondun ən yaxşı nümunələrini oxuculara təqdim etməyə çalışır və bu xəzinəni yeni tapıntılarla daha da zənginləşdirməyi planlaşdırır. Virtual kolleksiya ilə tanış olduqdan sonra kitabsevərlər kitabxanaya dəvət olunur. Burada nadir nəşrləri əyani şəkildə araşdırmaq və klassik ədəbiyyatın sehrini canlı şəkildə hiss etmək imkanı yaranır.