27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində silinməz iz qoymuş, ölkənin ərazi bütövlüyünü bərpa etmiş və xalqımızın qəhrəmanlıq dastanına çevrilmişdir. Bu mühüm və tarixi hadisənin xatirəsini əbədiləşdirmək və gələcək nəsillərə ötürmək məqsədilə Prezident Kitabxanası “27 sentyabr – Anım Günü” adlı virtual sərgisini ictimaiyyətin istifadəsinə təqdim edib. Burada müharibənin hərbi əməliyyatları, strateji və diplomatik aspektləri, həmçinin şəhidlərin həyat və qəhrəmanlıq hekayələrini əks etdirən əsərlər təqdim olunur.
Sərgidə yer alan kitablar müharibənin hərbi-siyasi gedişatını və beynəlxalq müstəvidə yaratdığı yeni reallıqları təhlil edən monoqrafiyalardan, həmçinin diplomatik və ictimai-siyasi prosesləri əks etdirən araşdırmalardan ibarətdir. Eyni zamanda, şəhidlərin həyat yolunu, qəhrəmanlıq nümunələrini və müharibə iştirakçılarının şəxsi xatirələrini əks etdirən bioqrafik və publisistik əsərlər sərginin əsas hissəsini təşkil edir.
Bundan əlavə, Prezident Kitabxanasının Oxu zalında Anım Günü ilə bağlı kitab sərgisi də təşkil olunub. Bu sərgi virtual platformanın tamamlayıcısı kimi oxuculara nəşrləri yerində tanımaq və bilik əldə etmək imkanı yaradır. Sərgidə xüsusi diqqət çəkən əsərlərdən biri “Memorial. Vətən müharibəsi şəhidləri” adlı kitabdır. “YAŞAT” Fondunun dəstəyi ilə çap olunan bu nəşrdə 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə şəhadətə ucalmış 957 qəhrəman haqqında məlumatlar yer alıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatları əsasında tərtib olunan bu kitab şəhidlərin xatirəsini əbədiləşdirən mühüm sənəddir.
Hər iki sərgi Vətən müharibəsinin tarixi yaddaşını qorumaq, şəhidlərin xatirəsini əbədiləşdirmək və müharibənin hadisələrini ətraflı öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. Bu təşəbbüslər Prezident Kitabxanasının vətənpərvərliyə, milli irsə və gələcək nəsillərin maarifləndirilməsinə verdiyi dəyərin bariz nümunəsidir.
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Haqq və Şərəf işimiz olan, Azərbaycan…