Xəbərlər

Prezident Kitabxanasının Kolleksiyalar bölməsi dəyərli nəşrlərlə zənginləşdirilib

Prezident Kitabxanasının Kolleksiyalar bölməsi dəyərli nəşrlərlə zənginləşdirilib

Prezident Kitabxanasının  Kolleksiyalar bölməsi dəyərli nəşrlərlə zənginləşdirilib

Prezident Kitabxanasının Kolleksiyalar bölməsində yer alan “Nadir kitablar fondu”nun yarımbölməsi dəyərli nəşrlərlə zənginləşdirilib. Fondun mövcud tərkibindən xüsusi seçilmiş on dəyərli nəşr nümayiş məqsədilə ayrılaraq geniş oxucu auditoriyasına təqdim olunub.

Bu nəşrlər sırasında J. Jirardinin  “Le Roman d’un Cancre” (“Bir tənbəlin romanı”) (Paris, 1883), Roje Peyranın “Napoléon et son temps. L’Empire” (“Napoleon və onun dövrü. İmperiya”) (Paris, 1896), eləcə də “Монархия Турецкая, описанная через Рикота, бывшего английского секретаря посольства при Оттоманской Порте” ("Osmanlı Portasında səfirliyin sabiq ingilis katibi Rikotonun təsviri ilə təqdim olunan Osmanlı monarxiyası") (Sankt-Peterburg, 1741) kimi nadir kitablar yer alır.

Rus, ingilis, alman və fransız dillərində təqdim olunan bu seçmə nəşrlər ədəbiyyat, incəsənət, tarix və digər elmi-humanitar sahələri əhatə edir. Hər bir nəşrə Azərbaycan, rus və ingilis dillərində qısa annotasiyalar əlavə olunub ki, bu da təqdim olunan materialların müxtəlif dilli istifadəçilər üçün əlçatanlığını təmin edir.

Bu nəşrlər yalnız məzmun baxımından deyil, həm də orijinal poliqrafik tərtibatı və biblioqrafik əhəmiyyəti ilə seçilərək kitab sənətinin dəyərli nümunələri kimi diqqətə layiqdir.

Bu təşəbbüs Prezident Kitabxanasının nadir mədəni irsi qoruyub-saxlamaq, tədqiq etmək və onu rəqəmsallaşdıraraq geniş ictimaiyyətə çatdırmaq istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin növbəti nümunəsidir.