Prezident Kitabxanasının fondu “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 9-cu cildi ilə zənginləşib. Bu kitab 1995-ci ilin 20 sentyabr – 26 noyabr tarixlərini əhatə edir və həmin dövrdə Ümummilli lider Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və məktublarını özündə cəmləyir.
Cilddə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın iclasında aparılan müzakirələr və Heydər Əliyevin geniş nitqi xüsusi yer tutur. Bu çıxış həm yeni Konstitusiyanın hazırlanmasını, həm də dövlətçilik baxımından əsas istiqamətləri özündə ehtiva edir.
Kitabda Birləşmiş Millətlər Təşkilatının yaranmasının 50 illiyi münasibətilə Nyu-Yorkda keçirilmiş tədbirlərdə Heydər Əliyevin çıxışı da yer alıb. Bu çıxış Azərbaycanın beynəlxalq aləmdə mövqeyini və dövlət başçısının qlobal məsələlərə baxışını ifadə edir.
Çoxcildliyin bu cildində həmçinin 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasına və Milli Məclisə seçkilərə səsvermədə iştirakı zamanı Heydər Əliyevin mətbuata verdiyi bəyanat, eləcə də Milli Məclisin ilk iclasındakı geniş nitqi təqdim olunub.
Nəşr eyni zamanda həmin dövrə aid digər görüş və danışıqları da əhatə etməklə, 1995-ci ilin payızında Azərbaycanın siyasi həyatında baş verən mühüm hadisələrin dolğun mənzərəsini təqdim edir.
Əliyev, Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar / H. Ə. Əliyev; bur. məsul Ə. Ağalarov.
9-cu kitab: sentyabr, 1995 - noyabr, 1995.- Təkrar nəşr.- Bakı: Azərnəşr, 2025.- 400 s.