Prezident Kitabxanasının Kolleksiyalar bölməsinin İncəsənət fondu yarımbölməsi Azərbaycan xalqının zəngin musiqi irsini əks etdirən yeni nəşrlərlə zənginləşib. Rəqəmsal resursda dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisindən, görkəmli incəsənət xadimlərinin yaradıcılığından bəhs edən elmi əsərlər, dərs vəsaitləri, monoqrafiyaların anatasiyaları geniş auditoriyaya Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
Kolleksiyada Azərbaycan musiqisinin tarixi və janr müxtəlifliyini əks etdirən nəşrlərlə yanaşı, türk xalqları musiqi mədəniyyətinə dair elmi əsərlərin annotasiyaları da yer alır. Onların sırasında Lalə Hüseynovanın “Türk xalqlarının musiqisi”, Rauf Bəhmənlinin “Ustad Əli dədənin rəqs melodiyaları”, Minəxanım Təkləlinin “Azərbaycan xalq mahnıları” və digər dəyərli tədqiqatlar təqdim olunub.
Azərbaycan milli musiqisinin bünövrəsini təşkil edən muğam sənəti kolleksiyada xüsusi yer tutur. Bu istiqamətdə “Zərbi muğamlar” və “Muğam sənətində ifaçılıq ənənələri” kimi nəşrlərin annotasiyaları musiqi ictimaiyyətinin diqqətinə çatdırılıb.
Eyni zamanda, Azərbaycan Xalq artisti, dünyaca tanınmış muğam ifaçısı Alim Qasımova həsr olunmuş “Muğamın Meracı” kitabı və böyük sənətkar, vokal məktəbinin banisi maestro Bülbülün yaradıcılığını əks etdirən “Bülbül – vokal sənətinin zirvəsidir” adlı nəşrlərin təsvirləri də fondun materialları sırasına daxil edilib.
Kolleksiyada həmçinin musiqi alətlərinə həsr olunmuş “Azərbaycan Milli Çalğı aləti TAR” elmi əsərin və “Azərbaycan Musiqi Alətləri Xəzinəsi” kataloqunun anatasiyaları da yer alır.
Bölmədə toplanan materiallar Azərbaycan musiqi irsinin qorunmasına, təbliğinə və beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir. Rəqəmsal resursların üç dildə təqdim olunması müxtəlif dilli istifadəçilər üçün əlçatanlığı təmin edir və kitabxananın elmi-tədqiqat fəaliyyətinin beynəlxalq səviyyədə genişlənməsinə şərait yaradır.
Qeyd edək ki, Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı fondunda memarlıq, xalçaçılıq, dekorativ-tətbiqi sənət, rəngkarlıq, qrafika, fotoqrafiya, musiqi, teatr və kino sahələrinə dair qiymətli kitablar, albomlar və sərgi kataloqları qorunur. Burada həmçinin dünya xalqlarının incəsənətinə dair nadir nəşrlərlə tanış olmaq mümkündür.
Fondun yenilənməsi Prezident Kitabxanasının milli-mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin tərkib hissəsidir. Bu resurslar tədqiqatçılar, tələbələr, musiqiçilər və incəsənətsevərlər üçün dəyərli mənbə rolunu oynayır, Azərbaycan musiqi irsinin yeni nəsillərə çatdırılmasına və beynəlxalq elmi ictimaiyyətdə tanıdılmasına xidmət edir.