Xəbərlər

Nazim Mustafanın “Ermənistanın toponimik cinayətləri” kitabı Prezident Kitabxanasına hədiyyə edilib

Nazim Mustafanın “Ermənistanın toponimik cinayətləri” kitabı Prezident Kitabxanasına hədiyyə edilib

Nazim Mustafanın “Ermənistanın toponimik cinayətləri” kitabı Prezident Kitabxanasına hədiyyə edilib

Qərbi Azərbaycan tarixinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafanın "Ermənistanın toponimik cinayətləri" adlanan kitabı "Füyuzat" nəşriyyatında işıq üzü görmüşdür.

Kitabda əvvəlcə oxuculara Qərbi Azərbaycanın etno-demoqrafik mənzərəsi, azərbaycanlı əhaliyə qarşı mərhələ-mərhələ həyata keçirilən etnik təmizləmə siyasəti və tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin yaranması prosesi şərh edilir. Daha sonra Qərbi Azərbaycanın etnotopnimləri, antrotoponimləri, oronimləri, hidronimləri, zoo və fitotoponimləri, İrəvan şəhərinin mikrotoponimləri təqdim edilir.

Ermənistan ərazisində Azərbaycan toponimlərinə qarşı mərhələ-mərhələ həyata keçirilən linqivistik soyqırımı siyasəti ayrıca təhlil edilir.

Azərbaycanlıların Sovet Ermənistanında həyata keçirilən sonuncu etnik təmizləmə dövrünədək mövcud olmuş 37 rayonun yaranma tarixi, coğrafi mövqeyi, həmin rayonlarda mövcud olmuş azərbaycanlı yaşayış məntəqələri, azərbaycanlıların say dinamikası, 1948-1953-cü illərdə və 1988-1991-ci illərdə deportasiyaya məruz qoyulmuş yaşayış məntəqələri haqqında məlumat verilir və hər bir rayonda adları dəyişdirilən yaşayış məntəqələrinin əlifba sırası ilə siyahısı təqdim edilir.

Kitabda son məlumatlar əsasında Ermənistan Respublikası ərazisində adları dəyişdirilmiş azərbaycanlılara məxsus 717 inzibati-ərazi vahidinin əlifba sırası ilə siyahısı təqdim edilir.

İlk dəfə olaraq Ermənistanın 1991-ci ildən sonra işğal etdiyi Azərbaycan ərazisində yaratdığı qondarma "Dağlıq Qarabağ Respublikası"nın qondarma "Ali Məclisi" tərəfindən həyata keçirilən toponimik cinayətlər haqqında məlumatlar ayrıca bölmə şəklində kitabda təqdim edilir.

Kitabın əlavələr bölməsinə Ermənistanda azərbaycanlılara məxsus inzibati-ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında rəsmi sənədlər təqdim edilir.

Kitabın sonunda əyanilik üçün indiki Ermənistan ərazisini əhatə edən xəritələrdən fraqmentlər təqdim edilir.

Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi tərəfindən nəşr edilmişdir.
 

Kitab haqqında
Ermənistanın toponimik cinayətləri

Ermənistanın toponimik cinayətləri

Mustafa, Nazim. Ermənistanın toponimik cinayətləri / N. Mustafa; elmi red. E. Məhərrəmov.- Bakı: Füyuzat, 2025.- 178 s.