Xəbərlər

Prezident Kitabxanasında “Qubadlı şəhəri günü”nə həsr olunmuş kitab sərgisi təşkil edilib

Prezident Kitabxanasında “Qubadlı şəhəri günü”nə həsr olunmuş kitab sərgisi təşkil edilib

Prezident Kitabxanasında “Qubadlı şəhəri günü”nə həsr olunmuş kitab sərgisi təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 oktyabr “Qubadlı şəhəri günü” kimi qeyd olunur. Bu münasibətlə Prezident Kitabxanasında Qubadlı şəhərinin işğaldan azad edilməsinə, tarixinə və zəngin mədəni irsinə həsr olunmuş kitab sərgisi təşkil edilib.

Sərgidə Qubadlı rayonunun tarixi, mədəniyyəti, işğal dövrü, həmçinin azadlıqdan sonrakı bərpa və quruculuq proseslərinə dair nəşrlər nümayiş olunur. Ekspozisiyada Vətən müharibəsində qazanılmış Qələbə, Qubadlının azad olunması, eləcə də rayonun sosial-iqtisadi dirçəlişi ilə bağlı kitablar oxucuların diqqətinə təqdim edilir.

Qubadlı şəhərinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində mümkün olub. Döyüşlərin 27-ci günü – oktyabrın 23-də ordumuz Qubadlı rayonunun ərazisinə daxil olaraq bir sıra yaşayış məntəqələrini düşməndən azad edib. 2020-ci il oktyabrın 25-də isə Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini tam azad edərək ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm strateji nailiyyət əldə edib.

Hazırkı mərhələdə Qubadlı şəhərinin bərpası və sosial-iqtisadi yenidənqurulması dövlət prioritetləri sırasındadır. Coğrafi mövqeyi ilə strateji əhəmiyyətə malik olan Qubadlı gələcəkdə Zəngilan və Laçın istiqamətində nəqliyyat və logistika əlaqələrində mühüm rol oynayacaq. İnkişaf konsepsiyası çərçivəsində şəhərin 505 hektara qədər genişləndirilməsi, əhalinin 14 min nəfərə çatdırılması, “yaşıl şəhər” prinsiplərinə uyğun infrastruktur, kənd təsərrüfatı, balıqçılıq, aqroturizm və yüngül sənaye sahələrinin inteqrasiyası nəzərdə tutulur.

Prezident Kitabxanasının təşkil etdiyi bu sərgi hər kəsə Qubadlının tarixi və mədəni irsini dərindən tanımaq, işğal dövrünü öyrənmək və azad olunma tarixini əks etdirən nəşrlərlə tanış olmaq imkanı verir.