Xəbərlər

Prezident Kitabxanasında xalq yazıçısı Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş sərgi təşkil edilib

Prezident Kitabxanasında xalq yazıçısı Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş sərgi təşkil edilib

Prezident Kitabxanasında xalq yazıçısı Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş sərgi təşkil edilib


Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, dövlət xadimi Elçin Əfəndiyevin vəfatı ədəbi ictimaiyyətə və bütün xalqımıza dərin kədər yaşatdı. Onun zəngin yaradıcılığı, milli-mənəvi dəyərlərə sadiqliyi və çoxşaxəli fəaliyyəti Azərbaycan mədəniyyəti üçün böyük irsdir. Ədəbiyyatımızın yeni mərhələsinin formalaşmasının fəal iştirakçısı olan sənətkar uzaq və yaxın tarixi keçmişimizlə bağlı roman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təbliğini diqqət mərkəzində saxlamışdır. Elçinin ssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuşdur.

Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə və müasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəri yazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballı töhfələr vermişdir.

Elçin Əfəndiyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq Prezident Kitabxanasında yazıçının həyat və yaradıcılığını əks etdirən sərgi təşkil olunub. Sərgidə Elçin Əfəndiyevin müəllifi olduğu əsərlər, haqqında nəşr olunmuş kitablar, eləcə də onun ədəbi və ictimai fəaliyyətinə dair müxtəlif materiallar təqdim olunur.

Sərginin məqsədi yazıçının zəngin irsini yeni nəsillərə tanıtmaq, oxuculara onun ədəbiyyat və mədəniyyətimizə verdiyi töhfələri bir daha xatırlatmaqdır. Eyni zamanda, bu sərgi Elçin Əfəndiyevin çoxşaxəli yaradıcılığının əhəmiyyətini bir daha vurğulayır.