20 sentyabr Azərbaycan tarixinin son iki yüzillik salnaməsində xüsusi yer tutan əlamətdar günlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 20 sentyabr hər il Dövlət Suverenliyi Günü, eləcə də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günləri kimi qeyd olunur. 20 sentyabr 2023-cü ildə Azərbaycan dövlətinin suverenliyinin bütün ərazisində tam bərqərar olması ölkənin müasir tarixində mühüm mərhələ kimi səciyyələnir. Həmin gün başa çatan antiterror əməliyyatı nəticəsində Azərbaycanın konstitusiya quruluşu bərpa olunub və dövlət bayrağının ölkənin bütün ərazisində dalğalanması təmin edilib.
Prezident Kitabxanasında bu əlamətdar günə həsr olunmuş “20 Sentyabr – Dövlət Suverenliyi Günü” adlı virtual sərgi hazırlanıb. Sərgidə Azərbaycanın dövlətçilik və müstəqillik tarixinin mühüm mərhələlərini, ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin təmin olunması prosesini əks etdirən nəşrlər təqdim edilir. Nəşrlərdə Vətən müharibəsinin xronikası, Qarabağ Zəfərinin tarixi və hüquqi əsasları, suverenlik və Konstitusiya məsələləri, müharibədən sonra formalaşan yeni reallıqlar, eləcə də Böyük Qayıdış prosesi müxtəlif istiqamətlərdən işıqlandırılır.
Prezident Kitabxanası Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx da hazırlayıb. Videoçarxda 2023-cü ilin sentyabrında baş verən hadisələr və həmin prosesin Azərbaycanın dövlətçilik tarixindəki yeri ön plana çəkilir. Çarxda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, Azərbaycan Ordusunun rəşadəti, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması və 20 sentyabr 2023-cü ildə Azərbaycanın suverenliyini bütün ərazisində tam bərqərar etməsi barədə fikirlər yer alır. Xankəndi, Xocalı və Ağdərədə üçrəngli dövlət bayrağının ucaldılması suverenliyin bərpasının mühüm nəticəsi kimi təqdim olunur. Çarxda, həmçinin azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, şəhər və kəndlərdə yeni həyatın formalaşması, şəhidlərin əziz xatirəsi və Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanır. Videoçarxı bu linkə keçid edərək izləyə bilərsiniz.
Virtual sərgi və videoçarx 20 sentyabr 2023-cü ildə baş verən tarixi hadisənin müxtəlif vasitələrlə təqdim edilməsinə xidmət edir. Sərgidə mövzu ilə bağlı nəşrlər vasitəsilə tarixi proseslərə dair geniş informasiya və ədəbiyyat təqdim olunur, videoçarxda isə həmin hadisələrin əsas məqamları vizual və mətn materialları ilə çatdırılır. Bu materiallar Dövlət Suverenliyi Gününün mahiyyəti və Azərbaycan dövlətçiliyinin müasir tarixində tutduğu yer barədə məlumatların daha geniş auditoriyaya çatdırılmasına imkan verir.
"20 Sentyabr – Dövlət Suverenliyi Günü" adlı virtual sərgi Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpası və möhkəmləndirilməsi istiqamətində keçdiyi tarixi yolu, xalqımızın milli iradəsini və dövlətçilik ənənələrini əks etdirir. Sərgidə Azərbaycanın…