Xəbərlər

Prezident Kitabxanasında “Welcome to Azerbaijan” kitabının təqdimatı keçirilib

Prezident Kitabxanasında “Welcome to Azerbaijan” kitabının təqdimatı keçirilib

Prezident Kitabxanasında “Welcome to Azerbaijan” kitabının təqdimatı keçirilib

2025-ci il aprelin 30-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında filologiya elmləri doktoru, professor Məsməxanım Qazıyevanın “Welcome to Azerbaijan” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova müəlliflə bağlı xatirələrini bölüşərək, onun çoxillik elmi fəaliyyətinin və milli-mənəvi dəyərlərin təbliği istiqamətindəki əvəzsiz xidmətlərinin xüsusi vurğulanmasının vacibliyini qeyd etmişdir. O, bu nəşrin xarici auditoriyaya Azərbaycanın zəngin mədəniyyətini, tarixini və müasir inkişafını tanıtmaq baxımından mühüm əhəmiyyət daşıdığını bildirmişdir.

Tədbir zamanı Məsməxanım Qazıyevanın həyat və fəaliyyətini əks etdirən xüsusi hazırlanmış videoçarx nümayiş olunmuş, onun pedaqoji və elmi yaradıcılığının əsas məqamları iştirakçıların diqqətinə çatdırılmışdır.

Mərasimin birinci hissəsində çıxış edən yazıçı Əzimə Ağalarova, əməkdar müəllim Şəhla Əsgərova və Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının dosenti Kəmalə Cəfərova professor Qazıyevanın bilik, zəhmət və mənəvi dəstəyi ilə onların formalaşmasında böyük rolu olduğunu vurğulamışlar.

Təqdimatın ikinci hissəsində çıxış edən Milli Məclisin deputatları Günay Əfəndiyeva, Aydın Mirzəzadə və Hikmət Babaoğlu, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, professorlar Sayalı Sadıqova və Bahar Cəfərova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Vazeh Əsgərov, “Bakinskiy raboçiy” qəzetinin baş redaktorunun müavini Əbülfəz Babazadə, ADMİU-nun prorektoru Nigar Rüstəmova və ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, əməkdar müəllim Asəf Zamanov “Welcome to Azerbaijan” kitabını Azərbaycan gerçəkliyinin dolğun, obyektiv və oxunaqlı təqdimatı kimi qiymətləndirmiş, bu nəşrin ölkəmizin beynəlxalq informasiya məkanında tanıdılması istiqamətində aparılan işlərə sanballı töhfə olduğunu qeyd etmişlər.

Çıxış edənlər həmçinin vurğulamışlar ki, kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş, ölkəmizin tarixini, coğrafiyasını, siyasi və hüquqi quruluşunu, təhsil və səhiyyə sistemini, dini müxtəlifliyi, incəsənətini, folklorunu və adət-ənənələrini əhatə edən geniş və analitik məlumat bazasıdır.

Sonda professor Məsməxanım Qazıyeva belə dəyərli tədbirin yüksək səviyyədə təşkili və təqdimatın geniş ictimai marağa səbəb olması ilə bağlı məmnunluğunu ifadə edərək, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Prezident Kitabxanasının rəhbərliyinə göstərdikləri dəstəyə və qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirmişdir.