Xəbərlər

“20 Yanvar. Təcavüz 1990” – Azərbaycan tarixinə dair rəqəmsal informasiya resursu

“20 Yanvar. Təcavüz 1990” – Azərbaycan tarixinə dair rəqəmsal informasiya resursu

“20 Yanvar. Təcavüz 1990” – Azərbaycan tarixinə dair rəqəmsal informasiya resursu

Prezident Kitabxanası milli yaddaşın qorunması, tarixi həqiqətlərin sistemli şəkildə toplanaraq elmi dövriyyəyə daxil edilməsi və ictimaiyyətə etibarlı mənbələr əsasında çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu missiya çərçivəsində istifadəçilərə təqdim olunan “20 Yanvar. Təcavüz 1990” adlı elektron layihə 20 Yanvar faciəsinin siyasi, hüquqi və mənəvi mahiyyətinin hərtərəfli öyrənilməsi baxımından mühüm elmi-informativ resurs kimi çıxış edir.

Layihənin “Faciənin təhlili” altbölməsində 20 Yanvar hadisələri sadəcə xronoloji ardıcıllıqla deyil, analitik çərçivədə təqdim olunur. Burada Ümummilli lider Heydər Əliyevin faciəyə verdiyi siyasi qiymət, hadisələrin hüquqi aspektləri, Qanlı Yanvarın Dağlıq Qarabağ problemi ilə əlaqəsi, geosiyasi səbəbləri və milli amil kimi mühüm istiqamətlər daha dolğun şəkildə əks etdirilir. Bundan əlavə, faciənin xalqın yaddaşında yaratdığı mənəvi-psixoloji təsirlər də xüsusi diqqət mərkəzindədir.

Layihənin diqqət çəkən bölmələrindən biri “Şəhidlər” hissəsidir. Bu bölmədə 20 Yanvar faciəsi zamanı həlak olmuş vətən övladlarının həyat yolu yeni faktlarla və bioqrafik məlumatlarla əhatə olunur. Uzun müddət haqqında məhdud məlumat olan şəhidlərə dair genişləndirilmiş bioqrafik materiallar, eləcə də əvvəllər mövcud olmayan fotoşəkillər resursda yer alır. Bu yanaşma şəhidlərin xatirəsinin yaşadılması və tarixi yaddaşın bütövlüyünün qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Layihə çərçivəsində faciə ilə bağlı rəsmi sənədlər, dövlət səviyyəsində keçirilən anım mərasimlərinə dair materiallar, habelə 20 Yanvar hadisələrinə həsr olunmuş analitik məqalələrin tam mətnləri və kitabların biblioqrafiyası, o cümlədən nadir foto və video arxiv materialları sistemli şəkildə bir araya gətirilib. Bu zəngin məlumat bazası tədqiqatçılar, tarixçilər, jurnalistlər və mövzu ilə maraqlanan geniş oxucu auditoriyası üçün etibarlı istinad mənbəyi rolunu oynayır.

Elektron resursun Azərbaycan, ingilis və rus dillərində təqdim olunması 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılmasına xidmət edir. Layihə faciənin beynəlxalq müstəvidə obyektiv təqdimatı, elmi araşdırmaların aparılması və tarixi faktların təhrif olunmadan yayılması baxımından mühüm elmi-informativ əhəmiyyət daşıyır. “20 Yanvar. Təcavüz 1990” elektron layihəsi bu istiqamətdə təkmilləşdirilən və tədqiqatçılar üçün istifadəyə açıq olan rəqəmsal resurs kimi formalaşdırılıb.

“20 Yanvar. Təcavüz 1990” elektron layihəsi ilə daha ətraflı tanış olmaq üçün https://aggression.preslib.az linkinə daxil ola bilərsiniz.

Elektron layihə
20 Yanvar. Təcavüz 1990

20 Yanvar. Təcavüz 1990

Prezident Kitabxanası tərəfindən hazırlanmış “20 Yanvar. Təcavüz 1990” adlı yeddi fəsildən ibarət elektron layihədə 1990-cı il 20 Yanvar faciəsinin yaranma səbəbləri və hadisələrin miqyası haqqında ətraflı məlumat təqdim olunur. Resursda…