Xəbərlər

Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova AMEA Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova AMEA Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova AMEA Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

21 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransda müxtəlif ölkələrdən nümayəndələr, həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evinin direktoru Gülər Əliyeva iştirak ediblər.

Konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli giriş sözü ilə açıb. Daha sonra Mərkəzi Elmi Kitabxanasının direktoru, texniki elmlər doktoru Hüseyn Hüseynov “AMEA Mərkəzi Elmi Kitabxanasının inkişaf yolu və vəzifələri” mövzusunda məruzə ilə çıxış edib. Tədbirdə həmçinin Mərkəzi Elmi Kitabxanasının 100 illiyinə həsr olunmuş film nümayiş olunub.

Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova tədbirdə iştirak edərək çıxış edib. O, Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyini təbrik edərək, onun zəngin fəaliyyətini və elmi-informasiya sahəsindəki tarixi rolunu yüksək qiymətləndirib, ölkənin elmi inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb.Professor Abbasova çıxışında vurğulayıb ki, Prezident Kitabxanası müasir texnologiyalardan istifadə edərək virtual sərgilər, geniş elektron kitab bazası və tematik onlayn layihələr vasitəsilə istifadəçilərə dolğun və əlçatan informasiya təqdim edir. O, həmçinin qeyd edib ki, Prezident Kitabxanasının yeni saytına müxtəlif ölkələrdən 120 min istifadəçi daxil olub ki, bu da kitabxana-informasiya xidmətlərinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Prezident Kitabxanasının direktoru əlavə edib ki, Prezident Kitabxanası hazırda üç dildə – Azərbaycan, rus və ingilis dillərində 50 tammətnli elektron layihəni oxuculara təqdim edir. Rus və ingilis dillərində olan layihələrin ümumi baxış sayı artıq 25 mini ötüb. O, həmçinin xatırladıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezident İlham Əliyevin çıxışından sonra kitabxanaların qarşısında mühüm vəzifələr qoyulub. Bu tapşırıqlardan irəli gələrək, Prezident Kitabxanası erməni və rus dillərində Sovet Ermənistanında mövcud olmuş Azərbaycan toponimlərini əks etdirən bir çox nəşrini əldə edib. Professor Abbasova tədbirdə iştirak edən kitabxana rəhbərləri və tədqiqatçıları bu istiqamətdə kitabxananın zəngin fondlarından istifadə etməyə dəvət edib.

Professor Afət Abbasova çıxışında həmçinin müasir kitabxanaların fəaliyyətində rəqəmsallaşdırma, elektron xidmətlərin genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, gənclərin elmi fəaliyyətə cəlb olunması və beynəlxalq əməkdaşlıq kimi sahələrin əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, bütün bu innovativ yanaşmaların əsas məqsədi bilik yaratmaq, bilik paylaşmaq və cəmiyyətin maariflənməsini təmin etməkdir. Çıxışından sonra professor Abbasova Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynova “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” adlı kitabı hədiyyə edib.

Konfransın sonunda Mərkəzi Elmi Kitabxananın bir sıra əməkdaşları uzunmüddətli səmərəli fəaliyyətlərinə və kitabxana-informasiya xidmətlərinin inkişafına verdikləri töhfələrinə görə, həmçinin Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov “AMEA-nın döş nişanı” ilə təltif olunublar.