Prezident Kitabxanasının Kolleksiyalar bölməsində yer alan İncəsənət fondu yarımbölməsi son dövrlər bir sıra yeni nəşrlərlə zənginləşdirilərək daha da təkmilləşdirilmişdir. Rəqəmsal resursun bu hissəsində incəsənətin müxtəlif sahələrinə dair yüksək elmi və estetik dəyərə malik materiallar geniş auditoriyaya təqdim olunur.
Yeni əlavə edilən nəşrlər sırasında rəssam Əli İsmayılın yaradıcılığına həsr olunmuş kitablar, teatrşünas İlham Rəhimlinin “İrəvan Dövlət Azərbaycan Dram Teatrı” adlı tədqiqat əsəri, Eldəniz İbrahimovun “Şərqin qapısında möcüzələr” kitabı, eləcə də tanınmış sənətşünasların albom və sərgi kataloqlarının annotasiyaları xüsusi yer tutur. Bu materiallar Azərbaycan, rus və ingilis dillərində təqdim olunur ki, bu da müxtəlif dilli oxucu qrupları üçün əlçatanlığı təmin edir.
Bölmə mütəmadi olaraq yenilənir və burada Azərbaycanın zəngin tarixi-memarlıq abidələri, görkəmli incəsənət xadimlərinin yaradıcılığı, nadir sənət növləri və müasir muzeylərin sərgilərinə dair resurslar sistemli şəkildə toplanaraq üç dildə təqdim edilir. Elektron formatda istifadəyə verilən bu nəşrlər həm mütəxəssislər, həm də incəsənətə maraq göstərən geniş oxucu auditoriyası üçün əhəmiyyətli informasiya mənbəyi funksiyasını yerinə yetirir.
Qeyd etmək lazımdır ki, Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı fondunda memarlıq, xalçaçılıq, dekorativ-tətbiqi sənət, rəngkarlıq, qrafika, fotoqrafiya, musiqi, teatr və kino sahələrinə dair qiymətli kitablar, albomlar və sərgi kataloqları toplanaraq nümayiş etdirilir. Bu nəşrlər həm milli irsin qorunmasına, həm də elmi-kütləvi təbliğinə mühüm töhfə verir.
Bu təşəbbüs Prezident Kitabxanasının mədəni irsin rəqəmsallaşdırılması və geniş ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətin növbəti nümunəsidir.