Prezident Kitabxanasının “Kolleksiyalar” bölməsinin “Ədəbi irs” adlı alt bölməsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının ədəbi irsinə həsr olunmuş kolleksiya yaradılıb. Yeni kolleksiya sənətkarın zəngin yaradıcılığını sistemli şəkildə təqdim etməklə onun Azərbaycan ədəbiyyatı və milli teatr tarixində tutduğu mühüm mövqeni əks etdirir.
XX əsr Azərbaycan ədəbiyyatının ən tanınmış simalarından biri olan Cəfər Cabbarlı klassik ədəbi ənənələr zəminində formalaşaraq milli ədəbiyyatın inkişafına mühüm töhfələr vermiş sənətkarlardandır. O, milli ədəbi irsin parlaq ənənələrini qorumaqla yanaşı, yaradıcılığında yenilik və müasirlik ideyalarını ön plana çəkmiş, Azərbaycan dramaturgiyasının təşəkkülü və inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Ədibin əsərləri uzun illər ərzində Azərbaycan teatr səhnəsində mühüm sənət hadisəsi kimi dəyərləndirilmiş, tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasına təsir göstərmişdir.
Ədəbi-mədəni proseslərin fəal iştirakçısı olan Cəfər Cabbarlı yaratdığı güclü xarakterlər və koloritli obrazlarla Azərbaycan bədii-estetik fikrinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Onun əsərlərində şəxsiyyət azadlığı, humanizm, milli azadlıq və istiqlal idealları geniş bədii ifadəsini tapmışdır. Yazıçı və dramaturqun çoxcəhətli ədəbi və ictimai fəaliyyəti Azərbaycan mədəniyyətinin inkişafına və milli ədəbiyyatın dünya mədəniyyəti məkanında tanıdılmasına xidmət etmişdir.
Yaradılmış kolleksiyada sənətkarın müxtəlif illərdə və müxtəlif dillərdə nəşr olunmuş əsərləri, dramaturji, nəsr və poetik yaradıcılığını əks etdirən nəşrlər bir araya gətirilmişdir. Kolleksiya Cəfər Cabbarlının zəngin ədəbi irsinin sistemli şəkildə təqdim olunmasına imkan yaradır və onun yaradıcılığının daha geniş oxucu auditoriyasına çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu resurs tədqiqatçılar, tələbələr və ədəbiyyatsevərlər üçün dəyərli məlumat mənbəyi kimi faydalı rol oynayır.
Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas…