2025-ci il 20 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə nəşri olan “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabı və “Üzeyir Hacıbəyli-140” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
Tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova da iştirak edib. Onun mərasimdə iştirakı Prezident Kitabxanasının milli-mədəni irsin tədqiqi və təbliği istiqamətində həyata keçirilən layihələrə xüsusi diqqət və dəstəyinin göstəricisidir.
Mərasim Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun açılış nitqi ilə başlayıb. Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, professor Günay Əfəndiyeva, Milli Konservatoriyanın rektoru, professor Kamilə Dadaş-zadə, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, bəstəkar Eldar Mansurov, Yazıçılar Birliyinin sədr müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Dövlət Simfonik Orkestrinin baş dirijoru, Xalq artisti Yalçın Adıgözəlov, digər elm və mədəniyyət xadimləri çıxış ediblər.
Çıxışlarda Üzeyir Hacıbəylinin yaradıcılığının Azərbaycan milli musiqisinin formalaşmasında oynadığı rol, onun irsinin elmi-biblioqrafik tərtibatının önəmi geniş şəkildə vurğulanıb.