Avqustun 27-də Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov Prezident Kitabxanasının qonağı olmuş, görülən işlərlə tanış olmuş və yeni çap edilmiş kitablarını Kitabxana fonduna hədiyyə etmişdir.
Yeni Azərbaycan Partiyasının yaradılmasının təşəbbüskarlarından olan, partiya quruculuğunda fəal iştirak edən, Ümummilli lider Heydər Əliyevin silahdaşlarından biri olan Şahlar Əsgərov öz xatirələrini "Heydər Əliyevin həyatının unikal səhifələri" kitabında oxucularla bölüşmüşdür. Müəllifin özünün də qeyd etdiyi kimi, bu kitabda Ulu Öndər Heydər Əliyevin bənzərsiz və fenomenal həyatının unikal səhifələri barədə düşüncələr, xatirələr və mülahizələr öz əksini tapır.
Müəllifin "Yonulmuş Daş Yolda Qalmaz" adlanan digər kitabı onun son 20 ildə yazdığı yüzlərlə elmi və elmi-publisistik məqalələrini, təhsilimizin problemləri ilə əlaqədar KİV-də dərc olunmuş müsahibələrini əhatə edir.
Professorun "Düzgün qərarın hikməti" adlanan üçüncü kitabında ictimai və sosial həyatda üzləşdiyimiz məsələlərlə bağlı fəlsəfi fikirləri, qurtuluş və həmrəyliklə bağlı düşüncələri, milli birlik fenomeninin fəlsəfəsi, 44 günlük İkinci Qarabağ müharibəsi və ordumuzun şanlı qələbəsi ilə bağlı məqalələri yer alır.
Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova professor Şahlar Əsgərova öz kitabları ilə kitabxana fondunu daha da zənginləşdirdyi üçün minnətdarlıq etmiş, ona can sağlığı, elmi və ictimai-siyasi fəaliyyətində uğurlar arzulamışdır.