Xəbərlər

Prezident Kitabxanasında Nizami Gəncəvi irsinə dair dəyərli nəşr rəqəmsallaşdırılıb

Prezident Kitabxanasında Nizami Gəncəvi irsinə dair dəyərli nəşr rəqəmsallaşdırılıb

Prezident Kitabxanasında Nizami Gəncəvi irsinə dair dəyərli nəşr rəqəmsallaşdırılıb

Prezident Kitabxanası tərəfindən milli-mədəni irsin öyrənilməsi və qorunması məqsədilə daha bir mühüm addım atılıb. Kitabxananın fondunda saxlanılan və dəyərli mənbə sayılan “Görkəmli rus alimləri və yazıçıları Nizami Gəncəvi haqqında” (Выдающиеся русские ученые и писатели о Низами Гянджеви / сост., ред., авт. предисл. Р. Алиев.- Баку: Язычы, 1981.- 434 с.) adlı toplu rəqəmsallaşdırılaraq oxucuların  istifadəsinə verilib. Bu nadir nəşr, rus və sovet ədəbiyyatşünaslığının, eləcə də şərqşünaslığının görkəmli nümayəndələrinin Nizami Gəncəvi irsi haqqında elmi və ədəbi yanaşmalarını sistemli şəkildə təqdim edən ilk nəşrlərdəndir. Bu toplu dövrünün elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Toplunun əsas hissəsini SSRİ Elmlər Akademiyasının müxbir üzvü, unudulmaz alim, Dövlət mükafatı laureatı, klassik şərq ədəbiyyatının böyük bilicisi Yevgeni Bertelsin Nizami irsi ilə bağlı sanballı elmi araşdırmaları təşkil edir. E. Bertels təkcə türk, fars və ərəb dillərinə deyil, həmçinin qədim yunan və latın da daxil olmaqla, bir çox Avropa dillərinə mükəmməl şəkildə bələd olmuşdur. Onun elmi fəaliyyəti nəticəsində rus şərqşünaslığında “Nizamişünaslıq” adlı yeni bir sahə formalaşmışdır.

Nəşrə daxil edilən digər məqalələr sırasında dünyaşöhrətli şərqşünas, Dövlət mükafatı laureatı, ərəbşünaslığın sovet məktəbinin banilərindən biri olan akademik İ. Y. Kraçkovskinin “Ərəb ədəbiyyatında Məcnun və Leyli haqqında erkən rəvayət” adlı araşdırması xüsusilə diqqətəlayiqdir. Bu mətn Nizaminin “Leyli və Məcnun” əsərinin ədəbi mənbələrini və kontekstini daha geniş miqyasda izah edir.

Topluda həmçinin akademik A. E. Krımskinin “Nizami və onun öyrənilməsi” adlı geniş və sanballı tədqiqatı da yer alıb. Bu mətn 1940-cı ilədək nəşr olunmuş bütün əsas mənbələri təhlil edərək, Nizamişünaslığın elmi əsaslarını formalaşdıran nadir mənbə rolunu oynayır.

Topluda M. O. Makovelski, N. Tixonov, A. Fadeev, P. Antokolskinin də Nizami haqqında məqalələri və bədii tərcümələri yer alır. Xüsusilə P. Antokolski tərəfindən “Leyli və Məcnun” poemasının tərcüməsi klassik bədii irs nümunəsi kimi dəyərləndirilir.

Tanınmış yazıçısı Marietta Şaqinyanın topluya daxil edilən “Nizami haqqında etüdlar” adlı irihəcmli məqaləsi də diqqətəlayiqdir. Müəllif bu məqaləsində bir azərbaycanlı şair kimi Nizami Gəncəvinin yaradıcılığına fəlsəfi və estetik aspektdən yanaşaraq onu ümumbəşəri ədəbi kontekstdə qiymətləndirmişdir.

“Görkəmli rus alimləri və yazıçıları Nizami Gəncəvi haqqında” kitabın tərtibçisi məşhur Azərbaycan şərqşünası, professor Rüstəm Əliyevdir. Kitabın rəqəmsal versiyasının oxucuların istifadəsinə verilməsi Nizami irsini öyrənən və onun tədqiqi ilə məşğul olan tədqiqatçılar üçün onu əlçatan edir.