Hüquq elmləri doktoru, dosent Nərmin Ənvər qızı Həsənova Prezident Kitabxanasına müəllifi olduğu yeni nəşrləri hədiyyə edib.
Hədiyyə edilən nəşrlər “İnzibati məhkəmə icraatının hüquqi tənzimlənməsi problemləri” adlı monoqrafiya və “Xarici ölkələrdə inzibati hüquq” adlı dərs vəsaitidir.
“İnzibati məhkəmə icraatının hüquqi tənzimlənməsi problemləri” adlı monoqrafiyada müasir hüquqi dövlətin əsas institutlarından biri olan inzibati məhkəmə icraatının hüquqi tənzimlənməsi məsələləri elmi-nəzəri və praktiki aspektlərdən təhlil olunur. Əsərdə bu sahənin anlayışı, hüquqi mahiyyəti, normativ bazası və insan hüquqlarının müdafiəsindəki rolu geniş şəkildə araşdırılır. Müəllif, həmçinin Böyük Britaniya, Almaniya, Fransa və ABŞ kimi ölkələrin hüquq sistemlərini müqayisəli şəkildə təhlil edərək, müxtəlif inzibati məhkəmə modellərinin struktur xüsusiyyətlərini və tətbiq praktikasını təqdim edir. Monoqrafiyada inzibati mübahisələrin predmeti, məhkəmə müstəqilliyi, inzibati orqanlarla məhkəmələr arasında hüquqi balans və nəzarət mexanizmləri kimi aktual məsələlərə də toxunulur.
“Xarici ölkələrdə inzibati hüquq” adlı dərs vəsaiti isə müxtəlif ölkələrin – xüsusilə Böyük Britaniya, ABŞ və Almaniyanın – inzibati hüquq sistemlərini müqayisəli hüquq baxımından təhlil edir. Vəsaitdə inzibati hüququn əsas doktrinaları, tətbiq mexanizmləri və məhkəmə nəzarəti formaları nəzəri və praktiki aspektdə araşdırılır. Əsər hüquqşünaslar, tədqiqatçılar və tələbələr üçün faydalı bir mənbə kimi dəyərləndirilir.
Bu nəşrlər Prezident Kitabxanasının elmi və hüquqi ədəbiyyat fondunun zənginləşdirilməsi baxımından əhəmiyyətlidir.