Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Milli-mənəvi dəyərlərin mühafizəsində kitabxanaların rolu” mövzusunda Beynəlxalq konfrans keçirilib.
Tədbir kitabxanaların milli-mənəvi irsin qorunması, gələcək nəsillərə ötürülməsi və cəmiyyətin maarifləndirilməsində oynadığı mühüm rolu müzakirə etmək məqsədi daşıyır. Konfransda müxtəlif ölkələrdən gəlmiş alimlər, kitabxanaçılar və mədəniyyət sahəsinin ekspertləri iştirak edib, kitabxanaların müasir çağırışlara uyğun olaraq inkişaf etdirilməsi və rəqəmsal transformasiyaların tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Konfransda Prezident Kitabxanasının direktoru, professor Afət xanım Abbasova “Kitabxanalar – dəyərlərimizi gələcəyə aparan körpüdür” mövzusunda məruzə ilə çıxış etmişdir.
Çıxışında o, Azərbaycanda kitabxana mədəniyyətinin qədim və zəngin tarixə malik olduğunu qeyd etmiş, bu mədəniyyətin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolunu vurğulamışdır. Professor Afət Abbasova bildirmişdir ki, Heydər Əliyev ölkədə kitabxana işinin inkişafına daim xüsusi diqqət yetirmiş, kitabxanaların cəmiyyətin mənəvi və intellektual inkişafında vacib rol oynadığını dəfələrlə qeyd etmişdir. Ulu Öndər demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyət, bilik, zəka mənbəyidir”.
Afət Abbasova, həmçinin, Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən və kitabxana sahəsində hüquqi əsasların formalaşmasında mühüm rol oynayan “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu barədə də məlumat vermişdir. O qeyd etmişdir ki, bu qanun kitabxanaların fəaliyyətini müasir tələblərə uyğun tənzimləyir, onların sosial, mədəni və maarifçi funksiyalarını dəstəkləyir.
Professor çıxışında kitabxanaların milli-mənəvi irsin qorunmasında, gənc nəslin formalaşdırılmasında və ictimai yaddaşın yaşadılmasında mühüm rol oynadığını xüsusi vurğulamışdır.
O əlavə etmişdir ki, müasir dövrdə kitabxanalar yalnız informasiya mənbəyi deyil, həm də cəmiyyətin maarifləndirilməsi, eləcə də mədəni və mənəvi dəyərlərin nəsildən-nəslə ötürülməsi üçün vacib bir platformaya çevrilmişdir. Bu kontekstdə rəqəmsallaşma proseslərinin əhəmiyyətinə toxunan Afət Abbasova ənənəvi kitabxana modeli ilə yanaşı, rəqəmsal mühitin də milli dəyərlərimizin gələcək nəsillərə çatdırılmasında əvəzolunmaz rol oynadığını qeyd etmişdir.
Sonda Afət xanım Abbasova, kitabxanaların gələcək inkişaf istiqamətləri, innovativ xidmət modelləri və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini də iştirakçılarla bölüşmüşdür.
Milli ruhumuzun, tariximizin və dəyərlərimizin nəsildən-nəslə keçməsi üçün bu konfrans mənəvi körpü olacaq.