2025-ci il 27-30 may tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Kitabxana-biblioqrafiya xidməti bölməsinin baş məsləhətçi-bölmə müdiri Sonaxanım Abasova və Kitabxana Fondu bölməsinin baş məsləhətçi-bölmə müdiri Jalə Qurbanlı Özbəkistan Respublikasının Daşkənd və Səmərqənd şəhərlərində xidməti ezamiyyətdə olublar.
Prezident Kitabxanasının əməkdaşları mayın 27-də Daşkənd şəhərində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin dəvəti ilə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak ediblər.
Onlar mayın 28-30-da isə Səmərqənd şəhərində, İpək Yolu Turizm və Mədəni İrs Beynəlxalq Universitetində keçirilən “HERITAGE TURQUOISE” adlı beynəlxalq tədbirə qatılıblar. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, aidiyyəti qurum və departamentlərin, yerli bələdiyyələrin, QHT-lərin, özəl sektor təşkilatlarının, mədəniyyət və turizm agentliklərinin dəstəyi ilə keçirilən tədbir bərpa texnologiyaları, arxeologiya, muzey və kitabxana işi, eləcə də mədəni turizm sahəsində fəaliyyət göstərən şirkətlərin iştirakı ilə mədəni irs sahəsində yeni tendensiyaların, müasir sistem və texnologiyaların nümayişinə həsr olunub. Tədbirdə Türkiyə, Özbəkistan, Rusiya, Çin, Hindistan, Avropa ölkələri və türk dövlətlərindən olan müxtəlif nümayəndələr iştirak edib. Prezident Kitabxanasının nümayəndə heyəti tədbir çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi Azərbaycanın mədəni irsini əks etdirən sərgi ilə tanış olublar.
Həmçinin, Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər. Mərkəzdə Heydər Əliyev Muzeyi, Azərbaycan tarixi və dövlətçiliyinə həsr olunmuş muzey, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, “Odlar yurdunun naxışları” Azərbaycan xalçaları muzeyi və sərgi zalı, eləcə də kitabxana ilə tanış olublar. Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Akif Maarifliyə ölkəmizin tarixini, coğrafiyasını, siyasi və hüquqi quruluşunu, təhsil və səhiyyə sistemini, dini müxtəlifliyini, incəsənətini, folklorunu və adət-ənənələrini əks etdirən filologiya elmləri doktoru, professor Məsməxanım Qazıyevanın müəllifi olduğu “Welcome to Azerbaijan” adlı kitabı təqdim edib.
Bu kitab eyni zamanda Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş zamanı səfir Hüseyn Quliyevə hədiyyə edilib.