Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) könüllüləri – Bakı Dövlət Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti və digər ali təhsil müəssisələrinin tələbələri Prezident Kitabxanasını ziyarət ediblər.
Prezident Kitabxanası ilə tanışlıq zamanı tələbələrə kitabxananın fəaliyyəti, əsas iş istiqamətləri, fondları, informasiya-biblioqrafik xidmətləri və oxucu xidmətinin təşkili barədə məlumat verilib. Kitabxana fondlarının formalaşdırılması və mühafizəsi, onlardan istifadənin təşkili, eləcə də müasir informasiya texnologiyalarından istifadə imkanları haqqında da məlumat verilib.
Könüllülər kitabxananın Oxu zalı və digər struktur bölmələri ilə tanış olub, elektron informasiya resursları, rəqəmsal layihələr, elektron kitabxana sistemi və virtual sərgilər barədə məlumat əldə ediblər. Onlara kitabxananın informasiya resurslarından və xidmətlərindən istifadə imkanları da nümayiş etdirilib. Ziyarət zamanı tələbələrin hər biri Prezident Kitabxanasının üzvü olub.
Görüş çərçivəsində tələbələr Prezident Kitabxanasının rəsmi internet saytı – preslib.az ilə tanış olublar. Onlara saytın əsas bölmələri, elektron kataloq, elektron kitablar, elektron layihələr, biblioqrafik resurslar və virtual sərgilər göstərilib, elektron resurslardan istifadə imkanları izah olunub. Tələbələr Prezident Kitabxanasının fəaliyyəti, informasiya resursları və elektron xidmətləri barədə daha dolğun təsəvvür əldə ediblər.