Azərbaycan ədəbiyyatına özünəməxsus nəfəs gətirən, poeziyamıza mövzu və forma baxımından yeni çalarlar əlavə edən görkəmli şair Fikrət Qoca dərin ictimai məzmunlu yaradıcılığı ilə oxucuların rəğbətini qazanmışdır. Onun lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin əsərləri insan və zaman mövzularını orijinal şəkildə əhatə etmiş, həmçinin bədii tərcümələri və sözlərinə bəstələnmiş mahnılarla milli ədəbiyyatımızın inkişafına mühüm töhfə vermişdir.
Bu gün 25 avqust tarixində Azərbaycanın Xalq şairi Fikrət Qocanın anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə Prezident Kitabxanası tərəfindən hazırlanmış “Fikrət Qoca – 90” adlı virtual kitab sərgisi ictimaiyyətin istifadəsinə verilib.
Sərgidə Fikrət Qocanın çoxcildlik seçilmiş əsərləri, müxtəlif illərdə nəşr olunmuş şeir və poemalar toplusu, eləcə də onun yaradıcılıq yoluna dair materiallar təqdim olunur. Ekspozisiyada, həmçinin, Fikrət Qocanın poeziyasını ümumi ədəbiyyat mənzərəsi fonunda dəyərləndirməyə imkan verən mənbələr yer alır. Onların arasında türkdilli ədəbiyyatlarda vəzn və janr sistemi üzrə araşdırmalar, Azərbaycan şeirinin müxtəlif dövrlərini əhatə edən antologiyalar, eləcə də 1960-2010-cu illər ədəbiyyatını ümumiləşdirən nəşrlər xüsusilə seçilir. Bu mənbələr sayəsində həm şairin özünəməxsus poetik üslubu, həm də onun yaradıcılığının aid olduğu dövrün ədəbi mühiti aydın görünür.
Virtual sərgi ədəbiyyatşünaslar, tədqiqatçılar və Fikrət Qocanın yaradıcılığına maraq göstərən geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin nailiyyətlərindən uğurla bəhrələnərək orijinal dəst-xəttini formalaşdırmış söz ustalarındandır. Novator şair kimi o, fəal vətəndaşlıq mövqeyinin ifadəsi olan, dərin humanist məzmuna malik…