2026-cı il fevralın 4-də İncəsənət zalında Prezident Kitabxanası və “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və mədəniyyət” tədbirlər silsiləsi çərçivəsində dünyaşöhrətli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin zəngin yaradıcılıq irsinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən və dahi bəstəkarın irsinə göstərdiyi yüksək dövlət qayğısından danışıb. O, Qara Qarayev yaradıcılığının gənc musiqiçilər və tədqiqatçılar üçün tükənməz mənbə olduğunu vurğulayıb.
Rəsmi hissədə böyük sənətkarın həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbir çərçivəsində, həmçinin Prezident Kitabxanasının hazırladığı, dünyaşöhrətli bəstəkar Qara Qarayevə həsr olunmuş virtual sərgi də təqdim olunub.
Daha sonra dəyirmi masa ətrafında Azərbaycanın tanınmış mədəniyyət, elm və incəsənət xadimlərinin çıxışları dinlənilib. Professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Xalq artisti, bəstəkar Elnarə Dadaşova, bəstəkar Azad Zahid, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Leyla Quliyeva, yazıçı-tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydın, “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin sədr müavini Riad Quliyev Azərbaycan musiqisində modernizmin əsasını qoyan dahi bəstəkarın yaradıcılıq fəlsəfəsini, dünya miqyaslı əsərləri ilə Şərq və Qərb mədəniyyətləri arasında qurduğu möhtəşəm mənəvi körpünü və yetişdirdiyi bütöv bir bəstəkarlıq məktəbinin bu gün də Azərbaycan mədəniyyətini beynəlxalq arenada layiqincə təmsil etdiyini qeyd edərək, Qara Qarayev fenomeninin dünya musiqi xəzinəsindəki əvəzolunmaz yerini xüsusi vurğulayıblar.
Musiqili proqram tədbirə xüsusi rəng qatıb. Əməkdar artist İlham Nəzərovun ifasında bəstəkarın “Mən sizi sevirdim”, “Gürcüstanın təpələrində” romansları və unudulmaz “Bakı haqqında mahnı”sı səsləndirilib (müşayiət: Əməkdar artist Nüşabə İsa). Beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə isə bəstəkarın “Prelüdiyalar"ını və “İnsan məskən salır” filmindən seçmə musiqi nümunələrini ifa edib.
"Qara Qarayev" adlı virtual sərgi XX əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, dünya şöhrətli bəstəkar, akademik Qara Əbdülhəsən oğlu Qarayevin zəngin yaradıcılıq irsinə həsr olunmuşdur. Sərgidə bəstəkarın həyat və fəaliyyətinin…