2020-ci il Vətən müharibəsinin 21-ci günü — 17 oktyabr Azərbaycan hərb tarixində əlamətdar günlərdən biri kimi yadda qaldı. Həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Füzuli şəhərini və ətraf kəndləri erməni işğalından azad etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 17 oktyabr “Füzuli şəhəri günü” kimi qeyd olunur. Bu mühüm tarixi hadisə ilə əlaqədar olaraq Prezident Kitabxanasında Füzuli şəhərinin işğaldan azad edilməsinə və onun tarixinə, mədəni irsinə həsr olunmuş kitab sərgisi təşkil olunub.
Sərgidə Füzuli rayonunun tarixi, mədəniyyəti, işğal dövrü və azadlıqdan sonra aparılan bərpa-quruculuq işlərinə həsr olunmuş nəşrlər, eləcə də Vətən müharibəsində qazanılan qələbəni əks etdirən kitablar nümayiş olunur.
Sərgi vətənpərvərlik ruhunun aşılanması və azad olunmuş ərazilərimizin tarixi yaddaşda yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Unutmayaq, unutdurmayaq!