Xəbərlər

Prezident Kitabxanasının Kolleksiyalar bölməsi incəsənətə dair yeni nəşrlərlə zənginləşdirilib

Prezident Kitabxanasının Kolleksiyalar bölməsi incəsənətə dair yeni nəşrlərlə zənginləşdirilib

Prezident Kitabxanasının Kolleksiyalar bölməsi incəsənətə dair yeni nəşrlərlə zənginləşdirilib

Prezident Kitabxanasının Kolleksiyalar bölməsinin İncəsənət ədəbiyyatı altbölməsi Azərbaycan incəsənətinin müxtəlif sahələrini əhatə edən yeni nəşrlərlə zənginləşdirilib. Rəqəmsal resursda görkəmli sənət xadimlərinin yaradıcılığına, Azərbaycan musiqisinə, kino sənətinə və rəngkarlığa həsr olunmuş elmi əsərlərin, dərs vəsaitlərinin və monoqrafiyaların annotasiyaları Azərbaycan, rus və ingilis dillərində geniş auditoriyanın istifadəsinə verilir.

Təqdim olunan nəşrlər arasında Həbibə Məmmədovanın “Tarixi-qəhrəmanlıq mövzusu Azərbaycan bəstəkarlarının operalarında” adlı tədqiqat əsəri xüsusi maraq doğurur. Kitabda milli opera sənətində tarixi və qəhrəmanlıq mövzularının ideya-bədii xüsusiyyətləri elmi-nəzəri baxımdan təhlil olunur, Azərbaycan musiqi mədəniyyətinin mühüm istiqamətlərindən biri ardıcıl və sistemli şəkildə araşdırılır.

Kolleksiyada, eyni zamanda, Azərbaycan kino və musiqi mədəniyyətinin müxtəlif aspektlərini əks etdirən digər dəyərli nəşrlərin qısa təsvirləri də yer alır. Aydın Kazımzadənin “Kino və Zaman” kitabında milli kino sənətinin inkişaf mərhələləri zaman kontekstində təqdim edilir, Ceyran Mahmudovanın “Mahnının qoşa qanadı” əsərində musiqi və poeziyanın qarşılıqlı vəhdəti elmi-publisistik prizmadan şərh olunur. Ziyadxan Əliyevin “Yaşar Səmədov: cizgilərə hopan ömür” kitabı isə tanınmış rəssamın yaradıcılıq yolu və sənət dünyasına həsr edilib.

İncəsənət ədəbiyyatı altbölməsində toplanan materiallar Azərbaycan incəsənətinin qorunmasına, təbliğinə və beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir. Rəqəmsal resursların üç dildə təqdim olunması isə müxtəlif dilli istifadəçilər üçün əlçatanlığı təmin edir.

Qeyd etmək lazımdır ki, Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı fondunda memarlıq, xalçaçılıq, dekorativ-tətbiqi sənət, rəngkarlıq, qrafika, fotoqrafiya, musiqi, teatr və kino sahələrinə dair qiymətli kitablar, albomlar və sərgi kataloqları qorunur. Burada həmçinin dünya xalqlarının incəsənətinə dair nadir nəşrlərlə tanış olmaq mümkündür.

İncəsənət ədəbiyyatı fondunun ardıcıl şəkildə yenilənməsi milli-mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin mühüm tərkib hissəsi olmaqla yanaşı, tədqiqatçılar, tələbələr və incəsənətsevərlər üçün etibarlı elmi mənbə rolunu oynayır.